Metronun "28 May" staniyasının yaxınlığında "28 mall"ın qarşısındakı piyada keçidinin yanına işıqfor qoyulub.
"Qafqazinfo"nun avtosfer.az-a istinadən məlumatına görə, buradakı zebra dəhşətli tıxaca səbəb olurdu. Piyadalar burada intensiv hərəkət etdiyi üçün avtomobillər dəqiqələrlə onlara yol vermək üçün gözləməli olurdular. Bu da tıxac yaradırdı. Nəhayət, iki gün əvvəl həmin keçidin yanına işıqfor qoyulub. Yəni, işıqforla nizamlanan piyada keçidi həm sürücülərə, həm də piyadalara rahatdır.
Amma oxucuların avtosfer.az-a verdiyi məlumata görə, əksər piyadaların həmin işıqfordan xəbəri yoxdur. Heç nəyə fikir vermədən avtomobillər üçün işıqforun yaşıl işığı yananda da piyada keçidinə daxil olub yolu keçirlər və qəza şəraiti yaradırlar. Qarşıda isə onları yol polisləri saxlayıb 20 manat cərimə yazır.