Azərbaycanda ev satışından vergi tutulması qaydaları dəyişir. Bundan sonra evin neçəyə satılmasının vergi hesablanmasına aidiyyatı olmayacaq. Vergi satılan evin sahəsinə görə tutulacaq.
"Qafqazinfo" fins.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə nəzərdə tutulan bu düzəlişi prezident də imzalasa, yeni hesablama qaydası 2016-cı il, yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni dəyişikliyə görə, kimsə öz evində azı 5 il yaşayıbsa, o, həmin evi satanda gəlir vergisindən azad olunacaq. Qalan hallarda evi satan gərək gəlir vergisi də versin.
Vergilərin yeni hesablanma qaydası isə aşağıdakı kimidir. Yeni qaydalarda göstərilir ki, mənzilin hər m2-ə görə 15 manat vergi hesablansın. Ancaq bu məbləğ baza rəqəmi sayılır. Yəni Bakının zonaları və regionlar üzrə fərqli hesablama var.
Nazirlər Kabinetinin qərarı ilə verginin tutulması məqsədilə Bakı şəhərinin ərazisi şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Vergi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür.
Fins.az saytı əmsallar üzrə Bakı şəhərinin zonalarına müvafiq qiymət cədvəli hazırlayıb. Cədvəldə göstərilir ki, məsələn, Bakının mərkəzində - 1-ci zonada əmlak satılarkən onun 1 m2-dən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər m2-ə görə 22,5 manat vergi ödəniləcək.
2-ci zonada bu rəqəm hər m2-ə görə 21 manat olacaq və s.
Bakının kənarlarında isə əksinə, verginin dərəcəsi azalacaq. Mənzilin 1 m2-i üçün vergi hesablananda 15 manat məbləğ 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək.
Azərbaycanda mənzil satışı ilə bağlı Vergi Məcəlləsində əvvəlcədən nəzərdə tutulsa da bu vergi bu ilin əvvəlindən tətbiq olunmağa başlamışdı. Ancaq bu zaman ev və mənzillər satılanda evin satış qiyməti ilə vaxtilə alındığı qiymət müqayisə olunur və yaranan qiymət fərqindən vergi tutulurdu.
“MBA Group” konsaltinq şirkətinin baş direktoruNüsrət İbrahimov deyir ki, yeni qayda daşınmaz əmlak bazarının inkişafına kömək edəcək:
“Köhnə qayda mürəkkəb idi, həm hesablanması mürəkkəb idi, həm də vergisi yüksək olurdu. Bu da Vergilər Nazirliyi ilə vətəndaş arasında məhkəmə çəkişməsinə gətirib çıxarırdı”.
Nüsrət İbrahimovun sözlərinə görə, əvvəlki vergi hesablanması evlərin və mənzillərin qiymətinə təsir edirdi: “15-25 min vergi hesablanırdı. Bu zaman da ya vətəndaş mənzili satmaq fikrindən daşınırdı, ya da həmin məbləği evinin üstünə gəlirdi. Ancaq indi ümumi məbləğin 1-1,5 faizini təşkil edəcək ki, bu da o qədər böyük məbləğ deyil”.
Ekspert inanır ki, yeni dəyişiklik daşınmaz əmlak bazarında qiymətləri sabit saxlayacaq. O deyir ki, yeni tikililər üçün m2-ə 45 manat təklif edilib: “Bu məbləğ də zonalar üzrə əmsallara vurulacaq. Hesab edirəm ki, əvvəllər qüvvədə olan vergi qaydalarından daha təkmildir”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə yeni qaydaların daşınmaz əmlak bazarında nəyisə dəyişməyəcəyini güman edir. Belə ki, onun fikrincə, onsuz da indi daşınmaz əmlak bazarında durğunluq olduğundan, dəyişiklik ancaq pisə doğru olacaq. O deyir ki, vergi tətbiqi vətəndaşları qeyri-rəsmi sövdələşməyə apara bilər:
“Notariusda alqı-satqı rəsmiləşdirildiyi üçün, demək, satış zamanı məcburən vergi tutulacaq. Bu isə ev alqı-satqısi ilə məşğul olan maklerlərin öz fəaliyyətlərini dayandırması ilə nəticələnə bilər. Çünki alqı-satqı zamanı onların əlavə vergi xərcləri yarana bilər. Artıq mənzili ucuz alıb baha satmaq imkanı geridə qaldı, indi daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb”.
Rəşad Həsənov ona da diqqət çəkir ki, xüsusilə Bakıda sənədsiz evlər də var. Onun sözlərinə görə, artıq müştərilər sənədsiz ev almağa bir o qədər də maraq göstərməsə belə yenə də həmin evlər bazarın təklifi kimi çıxış edir.