Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakının Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.Məlumata
görə, Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Qərbi Azərbaycanın Göyçə mahalında Qayabaşı kəndində anadan olub.
Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb. 1982-84-cü illərdə Novosibirsk şəhərində əsgəri xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Sonralar ali milis məktəbini bitirən F.Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yürsəlib.
Polis polkovniki F.Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işlədikdən sonra, 10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub.
Bu günədək həmin vəzifəni tuturdu.
2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Rasim Musayev yanvarın 21-də daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib və DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.