Ətri sevməyən insan yoxdur. Bakıda hər keyfiyyətdə, qiymətdə ətir tapmaq mümkündür. Hazırda bazarda müştəri bolluğu baxımdan “İdeal”, “Sabina”, “Parfume De France”, “La Parfumerie” kimi mağazalar şəbəkəsi bazarın kuratoru sayılır. Düzdür, burada təklif olunan qiymətlər ölkədəki orta əmək haqqına, əksəriyyətin yaşayış səviyyəsinə, əhalinin gəlirlərinə uyğun deyil. Amma bir çox insanlarımız yolunu bu mağazalardan salır.
“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaksiyasına “İdeal”la bağlı şikayət daxil olub. Şikayətdə müştəri baha qiymətə aldığı ətirlərin keyfiyyətsiz olduğunu və iyinin qalmadığından şikayətlənirdi.
Bu şikayətlə əlaqədar saiy əməkdaşı “28 Moll” ticarət mərkəzində yerləşən “İdeal” mağazasında olub. Buradakı ətirlər baha olsa da, qiymətləri kimi yüksək deyildi və bu ətirlərin iyləri tibbi spirti xatırladırdı. Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığı olsa da, spirt dozadan artıq olanda alınan məhsul ətir sayıla bilməz. Beynəlxalq təcrübəyə əsasən, ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunar. Burada saxta ətirlərin satışı iddialarına gəlincə isə müəyyən qədər reallıq vardı. Çünki baha qiymətə bəh-bəhlə satılan ətirlərin testerini yoxladıq və artıq 30 dəqiqə keçdikdən həmin ətrin iyini hiss etmirdik. Qiymətlərə gəlincə isə “İdeal” mağazasından ətir alan şəxsin cüzdanında gərək ən azı 40-50 manat olsun. Çünki buradakı ən ucuz ətrin qiyməti 40 manatdır.
Bəs bu qədər bahalığa səbəb nədir?
Qeyd edək ki, parfümeriya məhsullarına gömrük rüsumu çox deyil. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə də rüsum 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə edib hesablasaq yenə də qiymətlər “İdeal”dakına çatmır.
“İdeal”ın endirim kampaniyaları da diqqət çəkir. 2009-cu ildən endirim kartlarının tətbiqinə başlayan şəbəkənin kartlarının yararlılıq “şərtləri” fantastikdir. Yəni bir neçə faizlik endirim qoparmaq üçün “İdeal”dan böyük həcmdə və dəyərdə kosmetika alınmalıdır. Konkret olaraq müştəri “Gold” kartı əldə etmək məqsədilə 600 manatlıq alver edib 15 faizlik endirimə nail olmalıdır. 20 faizlik “VİP” kart üçün alverin həcmi 1200 manatdır. Mağazalar şəbəkəsində “Premium” kart da var. Burada isə alverin dəyəri 3500 manatdır.
Ətrin orijinal olub-olmadığını müəyyən etməyə gəlincə isə orijinal ətirlərdə qablaşdırma çox səliqəli olur. Çox az hallarda ərəb markalarında bu nüansa fikir verilmir. Bütün tanınmış markaların ətirləri sellofan qutunun üstünə sıx oturur. Bundan başqa, orijinal ətirlərdə şüşə şəffaf olmalıdır. Amma Türkiyə və ya Çin istehsalı olan ətirlərdə şüşə tünd olur, yazılar bir-birinə qarışır. Bir məsələ də var ki, ştrix kodlarının olmasına aldanmaq olmaz. Ştrix kodları saxta yolla elə çap edirlər ki, ayırmaq olmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “İdeal”dan çoxlu sayda şikayətlər gəldiyini dedi: “Azərbaycanda parfümeriya malları və ətirlər geri qaytarılmayan siyahısındadır. Mən buna çox təəssüflənirəm. Bundan istifadə edən biznes qurumları qanundakı boşluqdan istifadə edirlər. Hökumət orqanlarının biganə mövqeyi insanların aldanmasına səbəb olur. Təsadüfi deyil ki, ardıcıl olaraq İsraildən gətirilən ”Beşeli" firmasının mallarından çoxlu sayda şikayətlər gəlir. Bu malları əhaliyə 2-3 minə satır, nisyə verirlər. bundan sonra isə məhkəmə iddiaları qaldırılır. “İdeal”dan da bizə şikayətlər gəlib. Təsadüfi deyil ki, “İdeal”ın xaricdən gəlmiş nümayəndələri dəfələrlə bizim ofisimizdə olublar. Lakin biz çox təəssüflər olsun ki, istehlakçı hüququnu qorumağa müvəffəq ola bilməmişik. İstehlakçının şikayətini dövlət orqanına göndərmişik. Ancaq dövlət orqanı da istehlakçının hüququnu qorumaq mövqeyi göstərməyib".
Qurum sədri ətirlərin üzərində buraxılma və son yararlılıq müddətinin olmasının vacib olduğunu dedi: “Ətrin istehsal və yararlılıq müddəti şüşənin üzərinə yapışdırılan kağızda həkk olunmalıdır. Əgər bu hansısa haloqram və başa düşülməyən pullar şəklindədirsə, alıcılar belə ətirləri almaqdan imtina etsinlər. İdealda bu problemlər yaşanır. Hətta bizim ofisə gələn xarici rəsmi nümayəndələr də istehlakçı hüquqlarına biganə qalıblar və qanundakı boşluq səbəbindən parfümeriya biznesi sürətlə inkişaf edir. Qeyd etdiyim kimi dövlət orqanı da buna seyrçi mövqeyində qalır. Bunun da səbəbi odur ki, hər bir biznesin arxasında dövlət məmuru durur. Prezidentin son vaxtlar apardığı işlər həmin bizneslə məşğul olan o məmurlara yaxşı bir mesaj olmalıdır və bundan dərs almalıdırlar ki, özlərini yığışdırsınlar”.