Təhsil Nazirliyi 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinə aydınlıq gətirib.
"Qafqazinfo"nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Yaz tətili, əsasən, Novruz bayramı ilə üst-üstə düşür. Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.
Qeyd edək ki, bu tədris ilindən etibarən məktəblər mayın 31-də deyil, iyunun 14-də bağlanacaq.