İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına əsasən, bütün xüsusi razılıqlar (lisenziyalar) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində veriləcək. Hazırda nazirlik tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır.
Eyni zamanda texniki-təşkilati istiqamətlərdə işlər davam etdirilir, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına treninqlər keçirilir.
Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilib, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb.
Yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.