Fevralın 8-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qurumun 2012-ci ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılması üzrə konkret tədbirlər görülmüş, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric ediliblər.
Bununla yanaşı, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 192 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilərək 2012-ci ildə aparılmış əməliyyat-baxış tədbirləri nəticəsində 28.500 manata yaxın pul, 136 litr spirtli içki, 121 mobil telefon, 447.7 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Müşavirəyə yekun vuran nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində görülən işlərdən və irimiqyaslı layihələrdən danışıb, penitensiar sistemin müasirləşdirilməsini, o cümlədən məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə yeni penitensiar komplekslərin inşasını və artıq Şəkidə belə müəssisənin inşa edilərək istifadəyə verilməsi üçün hazır olduğunu vurğulayıb.
Eyni zamanda, məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının 1995-ci illə müqayisədə 35 dəfə aşağı düşdüyü qeyd olunub.
Qeyd olunub ki, ötən il beynəlxalq, yerli qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət uğurla davam etdirilib, artıq səmərəli ictimai nəzarət modeli kimi beynəlxalq aləmdə tanınan İctimai Komitə və digər təşkilatlar tərəfindən penitensiar müəssisələrə 200-dən çox başçəkmə həyata keçirilib.
Müşavirədə penitensiar müəssisələrdə korrupsiyaya şərait yaradan halların qarşısının qətiyyətlə alınması, işçi heyətlə məhkumlar arasında davranış qaydalarına dönmədən riayət olunması, vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, müasir İKT-lərin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb olunub.