Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, 52 saylı dairədən namizədliyi qeydə alınmış Sahib Qəzənfəroğlu həmin seçki dairəsindən digər namizədlərin təşviqat kampaniyasını pozması və ona namizədliyinin geri götürülməsi üçün təzyiq edilməsi barədə müraciət edib. MSK araşdırma qrupu məsələnin dairəyə göndərilməsi barədə qərar qəbul edib.
71 saylı dairədən Müsavat Partiyasının qeydə alınmış namizədi Xasay Ferzulla seçkiqabağı təşviqat hüququnun pozulması ilə bağlı MSK-ya müraciət edib. O müraciətində qeyd edib ki, Hürən kəndində seçicilər ilə görüşdən sonra kəndlilərlə söhbət edərkən kənd icra nümayəndələri ona müdaxilə edib. MSK-nın İşçi Qrupu araşdırma apararkən aşkar edib ki, Dairə Seçki Komissiyası Seçki Məcəlləsindəki müvafiq tələbi pozub. Qərara alınıb ki, şikayət qismən təmin edilməli, baxılması üçün təkrar DSK-ya göndərilməlidir.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyi qeydə alınmış Vidadi İsgəndərli dairədə seçkiqabağı təşviqatın imkanlarının real olmaması və həmin seçki dairəsində seçkilərin təxirə salınması üçün MSK-ya müraciət edib. O qeyd edib ki, dairənin bir hissəsində yerlər ayrılmamış, onlara seçicilərlə görüşə imkan verilməyib. MSK qərara alıb ki, dairə üzrə kifayət qədər görüş yerləri ayrılıb. Namizəd ayrılmış yerlərdə görüşlərini keçirə bilər. MSK şikayətini qəbul etməyib.
Vidadi İsgəndərli iddialara cavab verərək deyib ki, onu heç kəs araşdırma prosesinə dəvət etməyib: “Dairə Seçki Komissiyasının sədri mənə görüşdə dedi ki, MSK göstəriş verib ki, mənlə seçicilərlə görüşə imkan verilməsin. Başçı mənə dedi ki, tapşırıq verilib ki, Elman Nəsirov dairədən deputat seçilməlidir. İcra başçısı sərəncam verib ki, görüşü iki yerdə keçirmək olar. 38 məntəqədə Elman Nəsirov yalnız görüş keçirib. Mənə Ağdaşın 30 kəndinə getməyə icazə vermirlər. İcra başçısı, polis yenə də məni həbs etməklə hədələyir”.
YAP məşvərətçi səs hüquqlu üzvü Bəhruz Quliyev Vidadi İsgəndərlinin fikirlərinə belə reaksiya verib: “Xahiş edirəm ki, şikayətçilər öz çıxışlarında dövlətin məmurları barədə təhqiredici ifadələr işlətməsin”. V. İsgəndərli isə o məmurların rüşvət və korrupsiyaya bulaşdığını sübut edəcəyini ifadə edib: “Narahat olmayın, 50 nəfər artıq həbs edilib”.
MSK sədrinin isə Bəhruz Quliyevə reaksiyası marağa səbəb olub: “ Otur yerində, səni çıxardaram çölə”.
***
MSK sədrinin müavini Natiq Əliyev sözügedən videogörüntünü izlədiyini qeyd edib: “Çəkiliş keyfiyyətli deyil. Bu görüntü kimlə kimin danışması effektini yaratmır. Sadəcə bir məqamda DSK sədrinin üzü görünür. İndiki halda isə, texnologiyalarla səsi istənilən formaya salmaq mümkündür”.