Millət vəkili Qənirə Paşayeva Tovuzun 3 kəndini gəzərək sakinlərin qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlarla müzakirələr aparıb.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin ən çox müraciətləri arasında iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Müraciətlər arasında boşanma zamanı məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artması millət vəkilini ciddi narahat edib və o, bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib.
Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib.
Qənirə Paşayeva 3 kəndi ziyarət zamanı bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb.