10 minə gömrükdən rüsumsuz nə keçirmək olar?
Gömrük yoxlamalarının sadələşdirilməsi barədə prezident fərmanından sonra Azərbaycan vətəndaşlarının xaricdən ölkəyə ödənişsiz gətirə biləcəyi malların həcmi 7 dəfə artıb. Avtosfer.az-ın fins.az-a istinadən məlumatına görə, prezident İlham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2000 dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər.
Xatırladaq ki, indiyədək ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər. Başqa sözlə, gömrük rüsumlarından azad olan malların həcmi təqribən 7 dəfə artıb.
Malların siyahısı genişlənib
Yeni qaydalar xaricdən ölkəyə ən müxtəlif malların ödənişsiz gətirilməsinə şərait yaradır. Bu qərardan sonra indiyədək vergisiz gətirilməsi mümkün olmayan mallar da ödənişsiz ölkəyə gətirilə biləcək. Məsələn, mebel dəstləri, kompüterlər və digər elektron cihazlar, fotoaparatlar, kameralar, xəz geyimləri, məişət texnikası və sair və ilaxır. Bu əşyaların qiyməti adətən 1500 ABŞ dollarından yüksək olduğuna görə, indiyədək onları ölkəyə gətirmək üçün rüsum ödəmək lazım gəlirdi, bəzi hallarda isə vətəndaşlar bu rüsumları da nəzərə alaraq, malın baha qiymətə başa gəldiyini hesablayır və onları xaricdən gətirmək fikrindən daşınırdı. İndi isə qiyməti 10 min manata qədər olan bütün əşyaları – avtomobillər və aksizli məhsullardan başqa – ödənişsiz gətirmək mümkün olacaq.
“Bəlkə satmağa gətirirsən?”
Amma məbləğin artması ilə məsələ bitmir. Xaricdən gələn vətəndaşı ödənişsiz buraxmaq üçün onun özü ilə gətirdiyi malların doğrudan da şəxsi istifadə üçün lazım olduğu müəyyənləşməlidir. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gətirilən malların şəxsi istifadə üçün lazım olması Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarına əsasən müəyyən edilir. Həmin qərara əsasən, gömrük sərhədindən gətirilən malların təyinatı müəyyən ediləndə fiziki şəxsin səfərinin bütün halları nəzərə alınır, malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün gətirildiyi yəqinləşdirilir, onların xassələri və miqdarı nəzərə alınır. Bundan başqa, mal gətirən şəxsin sərhəddən mal keçirməsinin mütəmadiliyi də nəzərə alınır. Yəni dəqiqləşdirilir ki, bu şəxs nə qədər tez-tez mal gətirir.
2 dəst kostyum, 2 telefon və sair
Gətirilən malın doğrudan da şəxsi istifadə üçün nəzərdə tutulduğu dəqiqləşəndən sonra onların ödənişsiz ölkəyə buraxılmasına icazə verilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin adı çəkilən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı bu güzəştli qaydada, yəni ödənişsiz gətirə bilər. Komitədən verilən məlumata görə, bu əşyalar müxtəlif ola bilər – tutaq ki, iki kostyum, və ya iki digər geyim, cizah və s. Amma yaxın vaxtlarda bu qaydaların da dəyişməsi gözlənilir. Məsələ bundadır ki, prezidentin adı çəkilən fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarını bu fərmana uyğunlaşdırsın. Deməli, yuxarıda xatırlatdığımız 305 saylı qərara da dəyişiklik ediləcək.
Malın gömrük qiyməti onun üstündəki qiymət deyilmiş
Amma xaricdən mal gətirənlər bəzi nüansları nəzərə almalı olacaqlar. Birincisi, gətirilən malın qiymətini göstərən sənədin olması vacibdir. Bu – mağazada verilən qəbz, alqı-satqı müqaviləsi, ümumiyətlə pulun ödənilməsini təsdiq edən sənədlər ola bilər. Gömrük orqanları malın qiymətini məhz belə müəyyən edirlər.
İkincisi, mal gətirənlər nəzərə almalıdırlar ki, malın üstündəki və ya qəbzdəki qiymət malın gömrük dəyəri sayılmır. DGK-dən izah edirlər ki, gömük dəyəri dedikdə malın təkcə alış qiyməti yox, onun Azərbaycan sərhədinədək çatdırılması üçün çəkilən xərclərin məcmusu başa düşülür. Məsələn, biz Türkiyədən, İstanbuldan 5 000 manata mebel dəsti alıb Azərbaycana gətirmək istəyirik. Təbii ki, onun daşınması üçün yük avtomobilinə daşınma xərci (tutaq ki, 500 manat) ödənilir, üstəlik, mal yolda baş verə biləcək hadisələrdən sığortalanır – sığorta haqqı da (tutaq ki, 50 manat) ödənilir. Belə olanda Azərbaycanın sərhədində malın gömrük dəyəri 5 000 manat yox, 5 550 manat (5 000 manat + 500 manat + 50 manat) olacaq.