Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra ölkədə başlayan genişmiqyaslı “təmizləmə” əməliyyatı indiyə qədər sirr kimi qalan bir çox mətləblərin də üstünü açmaqdadır.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Mahmudovun cinayətkar çetesi ilə əlaqəli olan və müxtəlif nazirliklərdə yerləşdirilən vəzifəli şəxslərin tapılıb ortaya çıxarılması, işdən uzaqlaşdırılmaları, əksər hallarda isə cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində böyük bir proses aparılır. Təəssüf ki, bu prosesdə statistika və ardıcıllıq yalnız medianın yazdıqlarından ibarət olur. Hələlik ölkədə Haci Məmmədov olayını belə kölgədə qoyan bu MTN-nin cinayətkar şəbəkəsinin ifşası ilə bağlı indiyə qədər cəmi bir rəsmi açıqlama verilib.
Lakin dünən prezident İlham Əliyev Sumqayıta səfəri zamanı ölkədə baş verənlərə işarə edərək öz rəyini açıqlayıb. Prezident bildirib ki, ölkədə haqq-ədalətin bərpası, iş adamlarına qarşı haqsızlıqların aradan qaldırılması üçün özü şəxsən iradə ortaya qoyub. Dövlət başçısı həmin şəxslərin təmizlənməsi prosesinin davam edəcəyini, iş adamlarına qarşı haqsızlıq edənlərin sona qədər cəzalandırılacağını vurğulayıb.
Bu arada “Qafqazinfo” MTN olayı ilə bağlı daha bir maraqlı fakt əldə edib. Məlumata görə, prosesdə “yanacaq” şəxslərdən biri də hüquq-müdafiəçisi Elçin Behbudov olacaq. Bildirilir ki, E.Behbudov Azərbaycanda Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinə maneəsiz giriş-çıxışı olan yeganə hüquq-müdafəçisi olub. Ondan başqa heç kəs MTN-ə buraxılmayıb. Hər dəfə MTN təcridxanasından çıxan E.Behbudov mətbuata “hər şey yüksək səviyyədədir” məzmunlu açıqlamalar verib. Halbuki, onun baş çəkdiyi iş adamları və MTN zirzəmisində saxlanılanlar başlarına açılan oyunlarla bağlı E.Behbudovu məlumalandırmaya bilməzdilər. Görünən isə odur o, Eldar Mahmudovun əlinə oynamaqla məşğul olub. Hazırda MTN-dəki cinayətkar şəbəkə ilə əlaqəsi olan ayrı-ayrı şəbəkələr, reket saytlar və qəzetlərlə yanaşı, həm də E.Behbudovla bağlı məsələ də araşdırılır.