Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilən general-leytenant Mədət Quliyev Facebook-dakı profilini bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov məlumat yayıb.
Mədət Quliyevin keçmiş işçisi olan İsakov buna səbəb kimi generalın fiziki olaraq ona gələn mesajlara cavab verə bilmədiyini göstərib:
““Əziz dostlar! Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi Facebook səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin “inbox”na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq Facebook səhifəsini bağlamaq qərarına gəlib”.