Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin 9 aylıq fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə nöqsanlara yol verən xidmət əməkdaşlarına xəbərdarlıq olunub və nöqsan aşkarlanacağı təqdirdə həmin şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görüləcəyi bildirilib.
Dövlət Sosial Təminat Xidmətinin rəhbəri Çingiz Əliyev isə bildirib ki, yaxın günlərdə ünvanlı sosial yardımların alınması üçün internetdən istifadə olunacaq: “Bu il 22900 ailəyə (99636 nəfər ailə üzvü) sosial yardım verilib. Hazırda 498410 ailə üzvünü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənilir”.
Ç.Əliyev deyib ki, ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır. Proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir. Vətəndaşların ünvanlı yardımla bağlı elektron şəkildə edəcəkləri müraciətlərə baxılması üçün onlara dair müvafiq məlumatların əldə olunması üçün digər aidiyyəti qurumlar tərəfindən müvafiq informasiya resurslarının “Elektron hökumət” portalında yerləşdirilməsi işləri aparılır.
Ç.Əliyev onu da qeyd edib ki, əhalinin 4,4 faizi (427284 nəfər) aylıq və sosial müavinətlə təmin olunur. Onlardan 344070 nəfərinə (80,5%) aylıq, 83214 nəfərinə (19,5) isə birdəfəlik sosial müavinət ödənilir. virtualaz.org