Bir müddət əvvəl mətbuata müraciət edən V.Hacıyevin qardaşı, hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən Eldar Hacıyev demişdi ki, ona 35 min manat borcu var. Belə məlum olurdu ki, V.Hacıyev Göygöl rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. E.Hacıyevin sözlərinə görə, məsələ ilə bağlı Prezident Administrasiyasının Ərazi İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin də qəbuluna gedib.
“Yeni Müsavat”a müraciət edən Samux sakini, “Samir İstehsal” MMC-nin direktoru Nəsrulla Hacıyev də eyni aqibətlə üzləşdiyini iddia etmişdi. İş adamı demişdi ki, Vilyam Hacıyev ona olan 491 min manat borcunu qaytarmaqdan imtina etdiyinə görə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirib ki, borc V.Hacıyevin Samux Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dönəmdə (2006-2012-ci illər) yaranıb. Bu borc 2006-2007-ci illərdə Samux rayonunda abadlıq işlərinin görülməsindən yaranıb: “Vilyam Hacıyev sizin adınızdan istifadə edərək məndən 100 min manat borc alıb ki, müqaviləyə daxil olmayan işləri başa çatdırsın. Dəfələrlə yazılı və şifahi müraciətlərimizə heç bir məhəl qoyulmayıb”.
Xatırladaq ki, fevralın 12-də keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev sahibkarları incidən icra başçılarını hədələmişdi. Prezident İH başçılarına üzünü tutaraq demişdi ki, yerli rəhbərlər sahibkarları incitməməli, onları zorla abadlıq proseslərinə cəlb etməməlidirlər: “Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır və buna son qoyulmalıdır”.
Sahibkarların ən çox incidilidiyi rayonlardan biri də İmişlidir. Prezident İlham Əliyevin rayona gəlişindən öncə sahibkarlara rayon ərazisini təmir etdirmək göstərişi verən V.Hacıyev onların da abadlıq işlərinə xərclədiyi pulun qaytarılmasını ləngidib. Sahibkarların sözlərinə görə, V.Hacıyev onlara söz verib ki, İmişliyə ayrılacaq 2 milyon manatdan onların borcu da ödəniləcək. Ötən ay sahibkarlar bir neçə dəfə İH binasının qarşısına toplaşaraq haqlarını tələb ediblər. Sahibkarlar deyib ki, Vilyam Hacıyev onları uzun müddətdir ki, aldadır. Əslində prezidentin ayırdığı vəsait çoxdan İmişli Rayon İcra Hakimiyyətinin hesabına köçürülüb. Vilyam Hacıyev isə həmin vəsaiti bilinməyən bir şirkətin hesabına köçürərək onların borcunu ödəməkdən yayınır. Qeyd edək ki, aldadılan sahibkarların arasında məşhur futbolçu Maşallah Əhmədov da olub.
İmişlidə baş verənlərlə bağlı rayonun sabiq icra başçısı, keçmiş deputat İltizam Əkbərli “Yeni Müsavat”da müəllif yazısı ilə çıxış edib. Məlum borclanma məsələsinə toxunan keçmiş deputat rayon mərkəzindəki yeganə istirahət parkının, şahmat məktəbinin sökülərək yerinin satılmasını, çoxillik ağacların kökündən çıxarılmasını yazıb. Son 7-8 ayda rayonda abadlıq işləri aparan sahibkarların pullarının ödənmədiyini vurğulayan keçmiş deputat rayonda əhalinin narazılığının pik həddə çatmasını qeyd edib. İ.Əkbərli dövlət büdcəsindən rayona ayrılan milyonlarla manatın hara xərclənməsinin məlum olmadığına da toxunub.
Rayonda yaranan problemin çözülüb-çözülmədiyini araşdırmaq üçün icra başçısı Vilyam Hacıyevə zəng vurduq. Dəfələrlə eyni nömrə ilə V.Hacıyevlə danışsaq da, telefona cavab verən şəxs bildirdi ki, yığdığımız nömrə icra başçısının deyil. Halbuki bir qədər əvvəl eyni şəxs “Yeni Müsavat”a açıqlama verərək artıq sahibkarlarla yaranan məsələnin yoluna qoyulduğunu demişdi. Belə görünür ki, V.Hacıyev borcları qaytarmaq əvəzinə yalanlarla vaxt uzadır. Amma etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda Vilyam Hacıyev vəzifədən çıxarılaraq məsuliyyətə cəlb olunacaq. Mənbə iddia edir ki, hətta qardaşını, yaxın dostunu (Maşallah Əhmədovla Vilyam Hacıyev yaxın dost olublar - red.) belə aldadan, onların pulunu qaytarmayan bir İH başçısının vəzifədə qalması “yuxarılarda” mümkün hesab olunmur. Həm bu, həm də başqa səbəblərdən V.Hacıyevin seçki qabağı hakimiyyətə problem yaratdığı üçün onun işdən çıxarılacağı haqda qərar qəbul olunub.