Neçə gündür ki, ölkədə bir-birinin ardınca gözlənilməz hadisələr baş verir. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin kəskin çıxışı və bəzi məmurlara ünvanlanmış sərt tənqidi həqiqətən də ciddi nələrinsə baş verəcəyinə işarə idi. Və çox keçmədi ki, bir çox sahələrdə əsaslı dəyişikliklərə start verildi. Qanunsuz yoxlamalar dayandırıldı və ölkənin əsas siyasi fiqurlarından biri olan milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarıldı, nazirlikdə yüksək rütbə tutan şəxslər həbs edildi.
Hazırda bir çoxları “Ölkədə hazırda nə baş verir?”, “Prezident məmurları niyə sərt tənqid edir?”, “Bütün baş verənlərin arxasında əslində hansı məqamlar dayanır?”, “Bundan sonra hadisələr hansı yönümdə cərəyan edəcək?” sualları ətrafında baş sındırır.
Reaksiya.az siyasi analitik Ərəstun Baxşəliyevlə baş verən məqamların pərdəarxası tərəflərini araşdırmağa çalışıb.
Suallara geniş şərh verən analitik ilk öncə hadisələrin kökündə nəyin dayandığını açıqlayıb: “Ölkədə vəziyyət həqiqətən də acınacaqlıdır. Heç də bəzi tərifsevərlərin dediyi kimi insanların durumu yaxşı deyil. Bu isə, bilavasitə ölkə iqtisadiyyatında baş verən proseslərlə bağlıdır. Bu günə kimi neft var idi. Bu gün isə neft və qaz erasının sonu çatıb. Odur ki, dünyada bu məhsullara olan tələbat da getdikcə azalmağa başlayacaq. Belə olan təqdirdə isə ölkə iqtisadiyyatının normal inkişafı üçün şərait olmalıdır. Biz neft qiymətlərinin 40 dollara qədər enə biləcəyi ilə bağlı proqnozları düz iki il öncə siqnal olaraq sosial şəbəkələr vasitəsilə cəmiyyətə, idarəetmədə oturan insanlara çatdırmağa çalışırdıq. Təssüflər olsun ki, buna olduqca az adam əhəmiyyət verirdi. Bu gün isə durum ortadadır. Ölkədə baş verən bütün proseslərin də kökündə məhz bu amil dayanır”.
Politoloq Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrə də toxunub və baş verənləri iqtisadi amillərlə əlaqələndirib: “İqtisadiyyatda baş verən dəyişikliklər ölkənin bir nömrəli təhlükəsizlik məsələləri ilə birbaşa əlaqəlidir. Əgər hazırda əmək haqqlarında ləngimələr varsa, bu, təbii olaraq siyasi mühitə müəyyən dərəcədə təsir göstərir. Bu gün əgər ölkənin idxal və ixrac proseslərində idxal ixracı üstələyirsə, bu da siyasi mühitə təsir göstərir. Çünki ölkə iqtisadiyyatına gəlir gətirə biləcək tutarlı bir məhsulumuz yoxdur. Biz davamlı olaraq idarəetmə sahəsində islahatların aparılmasının da tərəfdarı olmuşuq. Çünki ölkə iqtisadiyyatı bir qrup məmurun əlində cəmlənib. Onlar da buradakı inkişafa bu və ya digər dərəcədə təsir göstərir. Ölkənin xarici bazarlara çıxara biləcək yerli məhsularının sayı olduqca azdır. Sual edirəm, bütün bunlara kimlər təsir edib? Ölkə iqtisadiyyatının dayanıqlığına kimlər təsir göstərib? Cavab birmənalı olaraq belədir. Əlbəttə, idarəetmədəki məmurlar. Odur ki, verdiyiniz sualın da cavabı belə olacaq ki, baş verən hər bir prosesin arxasında iqtisadi amillər dayanır”.
Ə.Baxşəliyev bundan sonra hadisələrin necə cərəyan edəcəyini, həmçinin iqtisadiyyatın inkişafı üçün necə davranmalı olduğumuzu da analiz edib: “Qarşıda üzləşəcəyimiz vəziyyətə gəlincə... Əhalimizin durumu olduqca ağır olacaq. Hətta bu gün iş yerlərində kütləvi şəkildə ixtisarlara da gediləcək. Çünki ümumilikdə iqtisadiyyatımızda baş verən proseslər bu duruma birbaşa təsir göstərir. Fikrimcə, bu prosesdən yayınmağın bircə yolu var. Bu da səmərəli dövlət idarəetməsi ilə bağlı olan məsələlərdir. Yeni kadrlara yer verilməli, dövrün tələblərinə uyğun gənclərə yol açılmalıdır. Əgər bu baş verməsə, ölkə iqtisadiyyatında hər hansı bir irəliləyişin baş verməsini gözləmək sadəcə sadəlövlük olar”.