Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçala şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
“Qafqazinfo”nun məlumatına görə, Nəqliyyat Nazirliyindən Azərtac-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Biləsuvar, Neftçala rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 21-i saat 09:00-dan 18:00-dək Salyan 20 saylı Yol İstismar İdarəsi (Salyan şəhəri, 20 Yanvar küçəsi-1), Biləsuvar 22 saylı Yol İstismar İdarəsi (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1), Neftçala 39 saylı Yol İstismar İdarəsində (Neftçala şəhəri, 33-cü məhəllə) qəbula yazıla bilərlər.
Xatırladaq ki, nəqliyyat nazirinin Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və digər dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməməsi onun işdən azad olunacağı ilə bağlı məlumatları gündəmə gətirmişdi.
Bu xəbərlərlə bağlı mətbuata açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə Ziya Məmmədovun məzuniyyətdə olduğunu və məhz oktyabrın 23-də işə çıxacağını bildirmişdi.