Bakıda avtoşların küçə reydi - 2012-ci il



Oktyabrın 20-də Milli Məclisdə müzakirəyə çıxarılacaq dəyişikliklər sürücülər arasında qorxu yaradıb. “Əgər bu əlavələr keçərsə, sürücülərdən tələb edilən qeyri-rəsmi ödənişlər artacaq. Mən nə ilə sübut edə bilərəm ki, “avtoşluq” etmirdim. Yanaşı gedən və təsadüfən sürəti 60 km/saatı ötən iki maşını saxlayacaqlar və "avtoşluq"da günahlandıracaqlar. Bu “avtoşluq” məsələsini bu cür izah eləmək düzgün deyil”,- deyə Natiq adlı taksi sürücüsü bildirib. 

Əslində, Azərbaycanda “avtoş” dedikdə əsasən qabağı qaldırılmış "VAZ-2107"-də yüksək sürətlə küçə hərəkət qaydlarını pozan gənclər başa düşülür. Bu gənclər bir neçə il qabaq xüsusilə fəal idilər və şəhərin müxtəlif yerlərində mütəmadi olaraq yol-hərəkəti qaydalarını pozurdular. Bakıda onların ən sevdikləri yerlər Fizuli meydanı və Heydər Əliyev Sarayanın ətrafları idi. Gecə saatlarında avtomobil istifadəçilərinin həmin səmtlərdən keçməsi çox təhlükəli idi. “Avtoşlar” həmin məhəllələrdə yaşayan insanların gecələr rahat yatmasına da mane olurdular. 

“Avtoşların” əməlləri avtoxuliqanlar barədə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xüsusi maddəyə çox uyğun gəlir. Məcəllənin 296-1-1-ci maddəsində avtoxuliqanlıq dedikdə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.

Avtoxulinqanlara qarşı inkişaf etmiş ölkələrin əksəriyyətində sərt tədbirlər görürlər. Əksər Avropa ölkələrində avtoxuliqanlıq əməllərinə görə yüksəkməbləğli cərimələr nəzərdə tutulur. Lakin həmin cərimə məbləğləri belə, Azərbaycanın təklif etdiyi məbləğdən çox yüksəkdir. Məsələn, Norveçdə avtoxuliqanlığa görə 3 min kron cərimə nəzərdə tutulur ki, bu, 400 Azərbaycan manatından çox deyil. 





Bakıda məhəllə daxilində "avtoş"luq edən "VAZ 2106" - 2012-ci il



Göründüyü kimi, Azərbaycanda təklif edilən cərimə Avropa ölkələrində tətbiq ediləni 10 dəfəyə qədər üstələyir. Həmçinin, son bir neçə ildə Dövlət Yol Polisi tərəfindən aparılan sərt tədbirlər nəticəsində “avtoş”ların sayı, demək olar ki, sıfıra enib. Artıq onlar cəmiyyət üçün elə də ciddi təhlükə törətmirlər. Buna görə də ekspert Azər Allahverənov Milli Məclisə bu cür sərt tədbirlərdənsə, maarifçilik işlərinin gücləndirilməsinə diqqət yetirməyi tövsiyyə edir. 

“Dünya praktikasında da cərimələrin artırılmasına müsbət baxılmır. Bu sahədə izahedici işlər aparılmasına xüsusi önəm verilir. Təbii ki, yol mədəniyyəti yüksək olan ölkələrdə bu cür işlərə ehtiyac qalmır. Azərbaycan kimi ölkələrdə isə əhaliyə yollarda avtoxuliqanlığın hansı fəsadlara yol açdığını izah etmək, valideynləri bu işə cəlb etmək lazımdır ki, övladlarını avtomobili yüksək sürətlə çəkindirsinlər”,- deyə Azər Allahverənov bildirib. Ekspert bu məsələdə haqlıdır. Ailələr avtoşluq edən övladlarını bu işdən çəkindirməyə qadirdir. Azərbaycanda “avtoş”luğun çox dəb olduğu bir zamanlarda dünya yarışlarında dəfələrlə qalib olmuş və mükafat kimi bahalı avtomobil qazanmış idmançılardan biri də bir neçə dəfə yüksək sürətin "dadına baxıb". Məsələdən xəbər tutan böyük qardaşı açarı onun əlindən alaraq deyib: “Bu avtomobili sənə kim bağışlayıb, mənə dəxli yoxdur. Amma sən ölsən, meyitini bizim qapıya gətirəcəklər. Ona görə mən sənə avtomobil sürməyi qadağan edirəm". 

Azər Allahverənov cəmiyyətdə yüksək sürət həvəskarlarının olması faktı ilə də razılaşmağı tövsiyyə edir: “Beynəlxalq təcrübədə bu cür yüksək sürət həvəskarları üçün şərait yaradılmasının onlarla örnəyi var. Burda təkcə motodromu onların ixtiyarına buraxmaqla iş bitmir, sutkanın müvafiq saatlarında onları ölkənin yollarına buraxmaq olar”. 





Azər Allahverənov - ekspert 



Ekspertin sözlərinə görə, Rusiya paytaxtı Moskvada gecənin müəyyən saatlarında avtoşlar şəhər ətrafındakı dairəvi yollara buraxılır və onların yüksək sürətlə hərəkət etməsinə icazə verilir. Qəzaların qarşısının alınması üçün xüsusi təhlükəsizlik tədbirləri görülür, əraziyə təcili tibb yardımı avtomobilləri gətirilir və s. Bu, sürücülərdə yüksək sürət həvəsini müəyyən qədər təmin etməyə imkan yaradır. 

Azərbaycan da cərimləri artırmaq əvəzinə şimal qonşusunun təcrübəsindən yararlana bilər. Hər halda, Azərbaycanda “avtoşluğa" meylli vətəndaşların sayı bir neçə yüzdən artıq deyil. Amma İnzibati Xətalar Məcəlləsi üçün təklif edilən yeni əlavə ölkənin 1 milyona yaxın avtomobil sahibini yüksək məbləğli qeyri-rəsmi ödənişlər riski qarşısında qoya bilər. Bu isə yol hərəkətində koorrupsiyanın ifrat artması demək olar. Buna görə də oktyabrın 20-də Milli Məclisdə yeni əlavəyə səs verəcək parlementarilər məsələnin bu tərəfinə diqqət yetirməlidirlər.