Böhran kiçik sahibkarları vurur.
Bir müddət əvvəl şəhərin mərkəzi küçələrində bir çox butiklərin fəaliyyətini dayandırdığı barədə məlumat vermişdik.
Virtualaz.org saytının hazırladığı reportajda qeyd olunurdu ki, şəhərin Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları fəaliyyətini dayandırıb və bu obyektlərin üzərində “icarəyə verilir” elanları asılıb.
Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran bu mağazaların sirasına yeniləri qoşulub. Yəni təkcə brend mağazalar yox, başqa bir çox iaşə obyekti də qapılarını birdəfəlik bağlamalı olub.
Belə ki, bu gün şəhərin Azadlıq prospekti, Süleyman Rüstəm, Rəşid Behbudov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli küçələrində də qapısından “işləmir” məzmunlu elan asan kifayət qədər ticarət və iaşə obyektinə rast gəlmək olar. Onların sayı da az deyil.
Özü də fəaliyyətini dayandıran isə təkcə geyim mağazaları deyil. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də var.
Səbəblər müxtəlifdir. Amma fakt budur ki, mağazaların bağlanması halları əsasən bu ilin əvvəlində manatın devalvasiyasından sonra artıb. İaşə obyektlərinin fəaliyyətini dayandırması da devalvasiyadan sonraya təsadüf edir.
Məsələn, Zorge parkının yanında yerləşən gəlinlik paltarı mağazasını misal çəkmək olar. Obyekt sahibi virtualaz.org saytının müxbiri ilə söhbətində mağazanın 4 aydır ki, fəaliyyətini dayandırdığını bildirdi.
Rəşid Behbudov küçəsində yerləşən digər bir obyektin sahibinin sözlərinə görə isə həmin yerdə əvvəl turizm şirkəti olub. 8 ildən çox fəaliyyət göstərən şirkət 5 ay əvvəl bankrot olub.
Ceyhun Hacıbəyli küçəsində yerləşən və əvvəllər gözəllik salonu olmuş obyektin sahibi isə buranın 2 ay əvvəl fəaliyyətini dayandırdığını bildirdi.
Hamısında da səbəb eynidir - müştəri qıtlığı və oxşar obyektlərin bolluğu.