Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib
DYP rəisi “AzPolitika” saytının 31 avqust tarixli sayında dərc olunmuş “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir”!” adlı yazıda təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, Elnur Məhərrəmlinin CM-nin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması barədə iddia qaldırıb.
Prosesdə Elnur Məhərrəmli xüsusi ittiham qaydasında şikayət üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə yazılı vəsatət verdikdən sonra ifadəsini davam etdirib.
O, bildirib ki, sözügedən məqalədə N.Səfərovun təhqir olunduğu, ona böhtan atıldığı ilə bağlı iddia ilə razı deyil: “Düşünürəm ki, hörmətli N.Səfərov da bunu yaxşı bilir, sadəcə “AzPolitika” saytını və digər KİV-ləri gələcəkdə növbəti tənqidi yazılardan çəkindirmək, jurnalistləri qorxutmaq, Bakı BDYPİ barəsində yazıların qarşısını almaq və onu ictimai nəzarətdən kənarda qoymaq, eyni zamanda məni həbslə hədələməklə qorxutmaq və bu yolla məndən yazının “sifarişçisini” öyrənmək niyyətindədir. Təsadüfi deyil ki, mübahisəni məhkəməsiz, öz aramızda danışmaq və həll etməklə bağlı təşəbbüslərə hörmətli N.Səfərov bir şərtlə razılıq vermişdir ki, “sifarişçinin adını desin”. Lakin N.Səfərov nəzərə almır ki, jurnalistin də peşə sirri deyilən bi şey var və heç bir jurnalist “KİV Haqqında” Qanunun 11-ci maddəsində göstərilmiş hallar istisna olmaqla, öz peşə sirrini yaymağa məcbur edilə bilməz. Bizi isə, belə vasitələrlə heç məcbur edə bilməz.”
Sayt rəhbəri daha sonra qeyd edib ki, Azərbaycanda N.Səfərovdan dəfələrlə yüksək vəzifə tutanlar – ölkənin siyasi rəhbərləri haqda KİV-lərdə ən qəddar tənqidlər, hətta bəzən təhqirlər yazılıb. Lakin həmin dövlət xadimləri, siyasətçilər, o cümlədən də hörmətli Daxili İşlər naziri Ramil Usubov indiyədək yazdığına görə hər hansı jurnalisti tutdurmayıblar. Dövlət başçısı dəfələrlə məmurlara mətbuatın yazdığına dözümlü yanaşmaq çağırışı edib və özünü nümunə göstərib. “N.Səfərov bütün bunları görməzlikdən gələrək, pozulmuş hesab etdiyi hüquqlarını qorumaq üçün çoxsaylı vasitələr olmasına baxmayaraq, birbaşa həbs tələbilə çıxış edir. Halbuki, onun “AzPolitika”dan rəsmi təkzib və üzrxahlıq tələb etmək, DYP-nin və özünün cavab haqqını işıqlandırmağı istəmək, Mətbuat Şurasına şikayət etmək, məhkəmədə maddi-mənəvi təzminat iddiası qaldırmaq kimi qarşısında geniş seçim imkanları olub. Bu vasitələrdən istifadə etməklə, o, əgər haqlıdırsa, həqiqətən böhtana və təhqirə məruz qalıbsa, ictimai rəydə özünə bəraət almış ola bilərdi. Lakin birbaşa həbs tələbi qoyur, çünki məqsəd ictimai rəydə özünə bəraət almaq deyil. İctimai rəy heç onun vecinə də deyil. Məqsəd məhkəmədən təzyiq və hədə vasitəsi kimi istifadə etməklə, məni “sifarişçini” açıqlamağa məcbur etməkdir.”
E.Məhərrəmli sərbəst ifadəsini bitirdikdən sonra xüsusi ittihamçının vəkilinin suallarını cavablandırıb.
Bugünkü prosesin sonunda hakim Habil Məmmədov məqalədə təhqirin olub-olmamasıyla bağlı ekspertizanın təyin olunması barədə qərar verib və prosesin davamını qeyri-müəyyən vaxtadək təxirə salıb.