Daxili İşlər Nazirliyində “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının prezident İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb.
Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov məruzə ilə çıxış edib. O deyib ki, nazirliyin aparatında və struktur qurumlarında "Elektron sənəd dövriyyəsi" sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib.
Qeyd edilib ki, Nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.
Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Carı ilin 9 ayında bilavasitə Nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.
Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
O, xüsusilə vurğulayıb ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalı, görülən işlər mütəmadi öyrənilməli, təkrar şikayətləri doğuran səbəblərin müəyyən edilməsi, belə halların qarşısının alınması üçün bu növ müraciətlər vaxtaşırı nəzarət qaydasında yoxlanılmalı, vətəndaşların müraciətləri üzrə aparılmış araşdırmaların nəticələri barədə təşəbbüskarlara bütün hallarda rəsmi cavab verilməlidir.
Daxili işlər naziri Ramil Usubov prezident İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqində respublikamızda sabitliyin, əmin-amanlığın hökm sürdüyünü vurğulamasının qürurverici olduğunu, bu işdə onun rəhbərliyi ilə respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da danılmaz xidmətini diqqətə çatdırıb. Həmin iclasda dövlət başçısının prinsipial mövqeyini xatırladan nazir sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya hallarının yolverilməzliyini, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirlərinin görüləcəyini bir daha qeyd edib.