Vergi Məcəlləsinə bir sıra ciddi dəyişikliklər edilməsi təklif olunur. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə daxil olub. Parlamentin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı dəyişikliklər barədə komitə üzlərinin məlumatlandıran vergilər naziri Fazil Məmmədov bildirib ki, adıçəkilən sənəd ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrin ruhunda hazırlanıb. İndiyə kimi Vergi Məcəlləsinə bir çox dəyişikliklərin edildiyini xatırladan nazirin sözlərinə görə, həmin dəyişikliklər vergi mədəniyyətinin artırılmasına, vergi yükünün aşağı salınmasına, azaldılmasına xidmət edib.
Nazir onu da qeyd edib ki, insanların, xüsusilə, aztəminatlı təbəqədən olan vətəndaşların ən çox şikayət etdikləri məsələ fiziki şəxslərin gəlir vergisi məsələsi ilə bağlı olub:
"Fiziki şəxslərin gəlir vergisi ən problemli məsələdir. Xüsusilə, yerlərdə insanlarla görüşəndə ən çox bu məsələ qaldırılır. Nisbətən az əmək haqqı alan insanlar, müəllimlər tərəfindən bu məsələ problemli məsələ kim daim qabardılır. Ona görə Vergi Məcəlləsinə təklif edilən əsas dəyişiklik məhz bu məsələ ilə bağlıdır. Bu dəyişiklik bütövlükdə 500 minə yaxın insanı əhatə edəcək".
F. Məmmədovun dediyinə görə, dəyişikliyə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manat olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, 30000 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.
Həmçinin, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq. Eyni zamanda, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə gəlir versinin və ƏDV-nin ödəyici olmayacaqlar.
Bununla yanaşı, adıçəkilən Məcəllənin 13.2.55-ci və 13.2.56-cı maddələrində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdrilmiş vergi Məcəllənin 219.1-ci maddəsinin ikinci abzasında müəyyən edilmiş vergitutma öbyekti üzrə bu dərəcələrlə hesablanacaq -yəni, ticarət fəaiyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.