Nəsimi rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclası giriş sözü ilə açan İcra Başçısı Asif Əsgərov bildirib ki, hesabat dövründə Nəsimi rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 350255.0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,6 % çox sənaye məhsulu istehsal edilib, rabitə müəssisələri tərəfindən 45652.0 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 faiz cox rabitə xidməti, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 290219.0 min manatlıq xidmətlər göstərilib.
Hesabat dövründə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 479320.0 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çox istehlak malları satılıb. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 401830.0 min manatlıq, yaxud əvvəlki ildəkindən 8.7 faiz çox pullu xidmətlər göstərilib. İşçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3289 nəfər və ya 2.3 faiz artaraq 145937 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 6.1 faiz və ya 29.9 manat artaraq 520.0 manat olmuşdur.
İlham Əliyev bir çox layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirak edib və Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə, sentyabrın 10-da Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Sentyabrın 12-də isə ölkə başçısı Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. Həmçinin 135, 147 və 174 saylı uşaq bağçaları əsaslı təmir olunub.
Bu il orta məktəbləri 1532 nəfər bitirib, abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, 4 məzun Prezident təqaüdünə layiq görülüb. Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub.
2015-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin Nəsimi rayonu 8 saylı Xəzinədarlıq İdarəsi üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 3 milyon 524 min 669 manat vəsait proqnozlaşdırılıb, hesabat dövrü ərzində həmin vəsaitdən 2 milyon 672 min 066 manat, yəni 75.8% vəsait xərclənib.