Milli Məclis sədri bu məqsəd üçün 5 ildə 56 min 975 manat, onun birinci müavini 54 min 848 manat, müavinləri 103 min 592 manat, komitə sədrləri ümumilikdə 536.580 manat, deputatlar isə 4 milyon 226 min 211 manat alıb... 125 deputatın 5 illik fəaliyyəti üçün büdcədən 5 milyon 480 min 961 manat pul ödənilib.
Qarşıdan parlament seçkiləri gəlir. Yenə seçicilər yada düşəcək, yenə yeni və köhnə vədlər başlanacaq. 5 il qabaq olduğu kimi divarları şəkillər, platformalar bəzəyəcək . Bəs bu 5 ildə seçicilər heç olmasa 5 yol yada düşübmü? Deputatları heç olmasa bir dəfə seçicilərlə görüşə gəlibmi? Bu sualları da tez-tez eşitmək olur...
Araşdırma aparıb çoxu üçün cavabsız suallara cavab tapmağa çalışdım. Başdan başladım. Milli Məclisin sədri Oqtay Əsədovdan. O, 8 saylı Binəqədi Birinci seçki dairəsindən deputat seçilib, 2010-cu il noyabrın 7-də. Deputatın seçiciləri ilə görüşüb-görüşmədiyini iki yolla öyrənməyi planlaşdırmışdım; birincisi, saytlarda axtarış aparmaqla (düşündüm ki, ən azı Milli Məclisin saytında bu görüşlərlə bağlı xəbər olmalıdır) və dairədəki fəal seçicilərdən soruşmaqla. Axtarış sistemində “Oqtay Əsədov seçiciləri ilə görüşüb” yazıb “enter”i basdım. İlk qarşıma çıxan “Oqtay Əsədov niyə yanan binadakı seçicilərilə görüşmədi” yazısı oldu. Bununla da axtarışa son verdim...
Oqtay Əsədovun birinci müavini Ziyafət Əsgərov isə 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat seçilib. Onun iki rayon əhalisinin bir hissəsinin qayğısına qalmaq, problemlərinin həllinə çalışmaq imkanı olub. Ayrı-seçkilik salmadan “google”dan Ziyafət Əsgərovun seçicilərlə görüşüb-görüşmədiyini soruşdum. İnsafən, o dəqiqə qarşıma “Yeni Azərbaycan Partiyası yüksək nüfuza və xalq dəstəyinə malikdir” başlıqlı məqalə çıxdı. Bu da səbəbsiz deyilmiş, çünki yazının alt başlığı “YAP-ın 76 saylı Lənkəran-Astara seçki dairəsindən millət vəkilliyinə namizədi Ziyafət Əsgərov Astara seçiciləri ilə görüşüb” idi. Ancaq bir əmma var ki, bu görüş 2010-cu ilin 20 oktyabrında – seçkidən 17 gün qabaq baş tutub. Ondan sonra Ziyafət müəllim və seçiciləri ilə bağlı hər hansı məlumat tapa bilmədim.
Oqtay müəllimin daha bir müavini 84 saylı Füzuli seçki dairəsindən deputat mandatı qazanan Bahar Muradovadır. Onunla bağlı axtarış saytından tapılan xəbər də sevindirici olmadı, bu xəbər də 2010-cu ildən qalma idi. “7 noyabrda Füzuli seçiciləri ən layiqli namizədə - Bahar Muradovaya səs verəcəklər” başlıqlı xəbərdə söhbətin nədən getdiyini anlatmağa gərək yoxdur. O da bəlli olur ki, Milli Məclisin sədrinin və YAP icra katibinin müavini kimi vəzifə sahibinin seçici ayağına getməsi, onun problemləri ilə maraqlanması da yalnız seçki vaxtına təsadüf edib.
Milli Məclisin rəhbərliyi Valeh Ələsgərovla tamamlanır. Valeh müəllim isə 102 saylı Şəmkir-Samux seçki dairəsinin seçiciləri sayəsində deputat mandatı, sonradan da sədr müavini postunu qazanıb. Bu sədr müavini ilə bağlı axtarış sistemində birinci xəbər hər kəsi maraqlandırmaq gücündədir. “Milli Məclis sədrinin müavini Valeh Ələsgərov seçicilərlə görüşmüşdür” başlıqlı xəbəri AzərTAc 03.02.2007-ci ildə yayıb. “Milli Məclis sədrinin müavini, 102 saylı Samux-Şəmkir dairəsindən parlamentə deputat seçilmiş Valeh Ələsgərov Şəmkir rayonunda seçiciləri ilə görüş keçirmişdir” cümləsi ilə başlayan xəbərdən bəlli olur ki, Valeh müəllim üçüncü və dördüncü çağırışda eyni dairədən mandat qazanıb. Seçiciləri ilə bu görüşü də deputatlığının 2-cidönəmində olub.
Milli Məclisin rəhbərliyindən sonra mövzunu daha bir rəhbər – Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla davam etdirək. 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat olan Vasif Talıbovun meclis.gov.az saytında təqdimatı da özü kimi ciddidir: Doğum ili: 1960. Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası. Onunla bağlı axtarışlarımızda seçicilərlə yox, başqa şəxslərlə (İranlı iş adamları, Koreya səfiri, Türkiyə Silahlı Qüvvələrinin ordu komandanı, Gürcüstanın müdafiə naziri və s.) görüşləri barədə xəbərlərlə qarşılaşdıq. Seçicilər bu siyahıda yox idi.
Naxçıvan mövzusunu daha bir məşhur deputatla, həm də naxçıvanlı - Siyavuş Novruzovla davam etdirək. Axtarışlarımız uğursuz oldu. Siyavuş Novruzovun adı keçən xəbərlərin əksəriyyəti ya AXCP və Müsavatla, ya da ABŞ dövlətinin rəhbərləri və Avropadan olan məşhur adlarla bağlı idi. Seçicilərlə görüş S.Novruzovun gündəmində olmayıb. Yeri gəlmişkən, S.Novruzov 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatdır. O da bu dairədən 2-ci dəfə mandat qazanıb.
Daha bir naxçıvanlı deputat prezidentin əmisi Cəlal Əliyevdir. O, bütün çağırışlarda mandat almağı bacarıb. Həm də Saatlı rayonundan. Sonuncu – 2010-cu ildə keçirilən seçkidə heç seçildiyi rayona da getməyib, ancaq bu, onun deputat seçilməsində problem yaratmayıb. 62 saylı Saatlı seçki dairəsi həmişə olduğu kimi onu mandatla təmin edib. “Saatlı rayonunun seçiciləri akademik Cəlal Əliyevdən başqa heç bir namizədə etimad göstərmirlər” başlıqlı xəbər də 2010-cu ilin parlament seçkisindən 1 həftə qabaq “Yeni Azərbaycan” qəzetində dərc edilib. Hətta seçilmək üçün seçici yanına getməyən deputatın aralıq müddətdə seçici görüşünə yollanması möcüzə olardı və belə bir möcüzə baş verməyib.
Saatlıdan başqa bir deputat Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdur. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən – qarışıq dairədən mandat alıb. Əhliman müəllimin seçicilərlə görüşü ilə bağlı axtarış saytında iki xəbər var; biri deputatlığa namizədliyi vaxtı – 28.10.2010-cu ildə olan və 12.04.2014-cü ildə keçirilən görüşlərdir. O, namizədlik səfəri zamanı “1 gülləyə 3 dovşan” prinsipinə sadiq qalaraq, getmişkən hər üç rayonda görüşlər keçirib. Kürdəmirdəki çıxışında Əhliman müəllim vəd də verib: «Seçicilər mənə etimad göstərsə, onların etimadını Milli Məclisdə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, parlamentdə xalqın mənafeyini ifadə edən qanunların qəbul olunmasına öz layiqli töhfəmi verə bilim».
Gerçəkdə isə Əhliman həkim parlamentin danışmayan deputatlarından sayılır, onun Milli Məclisdə heç tibb sahəsində də bir problem qaldırdığını görən olmayıb.
Saatlı sakini Ziyafət Hüseynli son 5 ildə bu deputatların üzünü görmədiyini deyir: “Cəlal Əliyev 20 ildir deputatımız olsa da, seçiciləri ilə görüşü barədə heç nə eşitməmişəm, ümumiyyətlə, onun harada olduğunu bilmirik. Qaldı Əhliman Əmiraslanova, görünür, onun Tibb Universitetində və klinikasında işləri çoxdur, bu üzdən biz yada düşmürük”.
Bir çox deputatların parlamentdə belə görünmədiyini nəzərə alıb, onlarla bağlı hər hansı axtarışı gərəksiz saydım. Fəal, yaxud özünü fəal göstərən deputatlarla bağlı xəbərləri toplamağa üstünlük verdim. Bu deputatlardan biri Elmira Axundovadır. O, 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilib. Ardıcıl iki çağırışdır ki, deputatdır. Onun seçiciləri ilə görüşləri barədə bir neçə xəbər var. Elmira xanım, demək olar, hər il bir neçə dəfə seçicilərlə görüşüb. Onların problemləri ilə maraqlanıb, həllinə çalışıb. Saytlardakı xəbərlərdə belə yazılıb. Düzdür, onun əleyhinə olan informasiyalar da var. Məsələn, Masallı Ziyalıları İctimai Birliyinin sədri Məmmədağa Eynullayev bu deputat haqda başqa fikirdədir: “Elmira Axundova heç zaman seçicilərin hüquqlarını müdafiə etməyib. Deputat olduğu müddətdə yalnız öz adamları ilə görüşüb, amma seçicilərin problemləri ilə maraqlanmayıb”.
10 saylı Binəqədi üçüncü seçki dairəsi Madər Musayevin adı ilə bağlıdır. Eyni dairədən 5 dəfə ardıcıl deputat seçilən Madər müəllimlə rəqabətə girmək mümkünsüzdür. Bu seçkidə də onun 10 saylı dairədən 6-cı dəfə mandat alacağını gözləyənlər var. Yeri gəlmişkən, onun seçiciləri ilə münasibətlərinin normal olduğu deyilir. Milli Məclisdə danışmaqla, qanunların müzakirəsi ilə arası olmasa da, mətbuatda gedən yazılara görə, seçicilərinin problemləri ilə maraqlanır, onların həllinə çalışır. O, 2010-cu il oktyabrın 28-də seçicilərlə görüşündə təkcə seçicilərinin deyil, həm də rəqiblərinin qayğısına qalıb: “Əziz seçicilər! Sizdən bir kənd sakini kimi xahiş edirəm ki, bacardığınız qədər bizim alternativlərimizə əlinizdən gələn hörməti edin. Səs vermək sizin öz hüququnuzdur, kimə istəsəniz ona da səs verərsiniz”.
Stajlı deputatlardan olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən seçilib. 20 ildir mandatı əldən vermir. O, son çağlar müəllimlərə “dolanmağın yolunu” göstərməklə yadda qalıb. Seçicilərlə görüşü ilə bağlı modern.az saytı həmişə operativ xəbər yayır.Ancaq Hadı müəllimin deputat fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlı başqa xəbərlər də az deyil. Məsələn, "Bolgexeber TV" "Deputat və seçici” layihəsi çərçivəsində 74 saylı Lənkəran kənd seçki dairəsində seçicilər arasında "deputatınızı tanıyırsınızmı?" sualı ilə bu ilin iyun ayında sorğu keçirib. Sorğunun nəticəsindən bəlli oldu ki, sakinlər Hadı Rəcəblini tanımır.
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat Çingiz Qənizadənin seçicilərlə görüşü barədə xəbər axtaranda isə bununla qarşılaşdım. “...Seçicilərlə görüşdə Çingiz Qənizadə İmişli və Beyləqan rayonlarında yeni məktəblərin açılışı, yolların asfaltlanması, kəndlərə mavi qazın verilməsi, kəndlərin işıq təchizatının yaxşılaşdırılması, Kür-Araz çaylarından və qrunt sularından əziyyət çəkən vətəndaşlar üçün yeni evlərin tikintisi və bərpası, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin açılması və s. məsələlərin həllinin 2009-2013-cü illər Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırıldığını, əldə olunan bütün nailiyyətlərin prezident İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu seçicilərin diqqətinə çatdırıb” (http://www.aznews.az/index.php?c=news&id=37844)
Göründüyü kimi, seçicilər hər gün TV-lərdən eşitdiyi sözləri bu dəfə də deputatlarından eşidib. Yeri gəlmişkən, bu rayondan deputatların seçicilərlə görüşüb-görüşməməsi ilə bağlı sorğumuza İmişlidən ictimai fəal Tariel Şirinlinin cavabı konkret oldu: “Bizim rayondan Çingiz Qənizadə və Əsabil Qasımov deputat mandatına sahiblənib. Onlar da İmişliyə YAP-ın tədbirlərində iştirak etmək üçün gəlir, seçicilərlə görüşməyə yox”.
Parlamentin fəal deputatlarından olan Zahid Oruc Milli Məclisə Ana Vətən Partiyasının təmsilçisi kimi seçilsə də, sonradan partiyanın sədri Fəzail Ağamalı ilə aralarında yaşanan gərginlik səbəbindən mövqeyini dəyişib. İndi parlamentin saytında bitərəf kimi təqdim olunur. Onun seçiciləri ilə görüşləri ilə bağlı məlumatlar saytlarda yer alıb. Amma seçicilərlə görüşlə bağlı hər hansı deputatın adını yazanda daha çox Azay Quliyev və Qənirə Paşayevanın adı çıxır.
1996-cı ilin 17 mayında qəbul olunmuş “Deputatın statusu haqqında” qanun deputat fəaliyyətini tənzimləyir. Bu qanunda deputatın seçiciləri ilə mütəmadi əlaqə saxlamalı olduğu birmənalı şəkildə yazılıb.
Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması
Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır.
Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.
Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə - hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.
Həmin fəaliyyət üçün dövlət deputatın maddi təminatının da qayğısına qalır və bu, qanunla tənzimlənir. Aylıq maaşının 50 faizi həcmində həy ay deputata verilən bu pul vergidən də azaddır.
Maddə 21. Deputatın maddi təminatı
Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
Milli Məclisin sədri 1950 manat miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Xatırladaq ki, 2013-cü il dekabrın 17-də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik məsələsi parlamentdə müzakirəyə çıxarılaraq qəbul edilib. Məclis sədrinin aylıq maaşı 1950 manatdan 2250 manata qaldırılıb. Buna uyğun olaraq deputatların da maaşı artıb. Buna qədər deputat fəaliyyətini həyata keçirmək üçün sədr maaşına (1950) əlavə olaraq 975, artımdan (2250) sonra 1125 manat alıb. Ancaq son 5 ildə Oqtay Əsədovun seçiciləri ilə görüşü barədə heç Milli Məclisin saytında da hər hansı xəbər yoxdur. Birinci müavin Ziyafət Əsgərov da deputat fəaliyyətini həyata keçirmək üçün hər ay dövlətdən maaşından əlavə pul (877 və ya 1012 manat) alıb. Ancaq onun da seçiciləri ilə görüşləri barədə, yuxarıda qeyd etdiyimiz kimi, hər hansı xəbər yoxdur. Bahar Muradova və Valeh Ələsgərov da (artıma qədər 828, artımdan sonra 956 manat) əlavə vəsait alsalar da, seçicilərin görüşünə getməyiblər.
Komitə sədrləri (məsələn, Hadı Rəcəbli) 780, artımdan sonra 900 manat əlavə vəsait alıb. Məsələn, eyni pulu alan komitə sədri Əli Hüseynlinin seçiciləri ilə görüşü barədə heç bir xəbər tapa bilmədik, əvəzində onun QHT rəhbərlərinin həbsinə haqq qazandıran açıqlamaları ilə qarşılaşdıq. Halbuki, deputat fəaliyyəti üçün büdcədən hər ay Əli Hüseynliyə verilən pulun təyinatı heç də bu deyil.
Yeri gəlmişkən, dövlət deputatın seçicisiylə görüşə getməsi üçün onu nəqliyyat vasitəsilə də təmin edir, bu, qanunda da öz əksini tapıb.
Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ
Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.
125 deputatın 5 illik fəaliyyəti üçün büdcədən 5 milyon 480 min 961 manat pul ödənilib. Bir daha xatırladım ki, bu pullar deputatlara maaşdan əlavə verilib və xərc kimi nəzərdə tutulub. Ancaq kim bu pulları necə xərcləyib və əlində hansı hesabatı var?
...Qarşıdan seçki gəlir. Yenə seçicilər yada düşəcək, onlara problemlərinin həlli və dərdlərinin parlament tribunasından səsləndiriləcəyi, ya da müzakirəyə çıxarılacağı, hüquqlarının qorunacağı vədi veriləcək. Və onlar seçkidən sonra maaşlarından əlavə həm də seçicilərlə görüş üçün nəzərdə tutulan əlavə vəsaitlər almaqda davam edəcəklər...