Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin yaxınlaşmaqda olan qış mövsümü ilə əlaqədar rayon icra hakimiyyətləri və digər qurumlarla birgə keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, FHN-nin Bakı Regional Mərkəzinin, Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və rayonun kommunal-təsərrüfat təşkilatlarının rəhbərləri və bələdiyyə üzvlərinin qatıldığı müşavirəni giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahmar İbadov yanğın profilaktikasında və yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolundan danışaraq, Nərimanov rayonunda payız-qış mövsümünə hazırlığın yekunlarına dair məlumat verib.
Ş.İbadov əvvəlcədən görülmüş zəruri işlər nəticəsində qarşısının alınması mümkün olan, əksər hallarda qış mövsümündə baş verən yanğın hadisələri və digər bu kimi halların aradan qaldırılmasında bu qəbildən olan maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edərək, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində mütəmadi olaraq mühüm qabaqlayıcı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında respublika əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlər barədə məlumat verib, nazirliyin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatı və maddi itkilərin sayının xeyli azaldığını qeyd edib.
Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda baş verə biləcək fövqəladə halların qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, həmçinin gələcəkdə bu cür əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.