“Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir”.
"Qafqazinfo"nun Azərtac-a istinadən məlumatına görə, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır:
“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir”.
Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini bildirən dövlət başçısı qeyd edib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər:
“Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir”.
Prezident bu mövzuda sərt danışıb:
“Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”.
Prezident İlham Əliyev bu əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacağını bildirib.