Sizə bu ərizəni yazan hüquqları tapdalanmış və vəzifəsindən sui istifadə edən dövlət məmuru tərəfindən təqib olunan jurnalistdir.Bildirmək istəyirəm ki,təxminən 4 ay bundan əvvəl rəhbərlik etdiyim "İrəvan press" qəzetinin redaksiyasına bir qrup şəxs gəldi və qəzetə şikayət ərizəsi təqdim olundu.Şikayətçilər Bakı şəhər,Yasamal rayonu,Şərifzadə küçəsi 146-cı binanın sakinləri idi.Ərizədə göstərilirdi ki,həmin binanın həyətində tikilmiş "Yaşıl məkan" çay evində qanunsuz əməllərə yol verilir və bu restorandakı səs-küy ucbatından ətraf binaların sakinləri gecələr də səhərə qədər yata bilmirlər.Bundan əlavə ərizədə qeyd olunmuşdu ki,"Yaşıl məkan" çay evində əxlaqa zidd hərəkətlərə də yol verilir,bu müəssisə priton kimi işlədilir.Şikayətçilər xüsusilə vurğulamışdılar ki,sözü gedən çay evi "Bakıelektrikşəbəkə" ASC-nin sədr müavini Zaur Hüseynova məxsusdur.Şikayətçilər şifahi olaraq da bildirdilər ki,dəfələrlə Zaur Hüseynovla görüşləri olmuş və bu cür rüsvayçılığın aradan qaldırılması üçün onunla söhbətlər aparmışlar.Lakin heç bir müsbət nəticə əldə olunmamışdır.Bina sakinləri müxtəlif instansiyalara müraciətlər ünvanlamış,amma təəssüflər olsun ki,yazdıqları bütün ərizələr demək olar ki,nəticəsiz qalmışdır.Bina sakinlərinin sözlərinə görə,Zaur Hüseynov vəzifəsindən və pulundan istifadə edərək öz obyektini "toxunulmaz" vəziyyətə gətirmişdir.Qeyd olunur ki,hətta Yasamal rayon icra hakimiyyətinin başçısı da Zaur Hüseynovdan rüşvət aldıqdan sonra şikayətçilərin müraciətinə məhəl qoymamışdır.Bu minvalla Şərifzadə küçəsindəki ətraf binaların sakinlərinin rahatlığı pozulmaqda davam edir,qanunsuz fəaliyyət göstərən restoranın işlərinə isə heç kəs mane olmurdu.Bina sakinləri redaksiyamıza müraciət etdikdən dərhal sonra qəzetimiz tərəfindən araşdırılma aparılmış və faktlar öz təsdiqini tapmışdır.Məlum olmuşdur ki,həmin restorana himayədarlıq edənlərdən biri də "Bakıelektrikşəbəkə" ASC-nin sədri Baba Rzayevdir.Redaksiyamıza daxil olan məlumatlara görə,Baba Rzayevlə Zaur Hüseynov güya ki,özlərini sizə yaxın adamlar kimi təqdim edərək,sadə vətəndaşları hədələyirlər.Əldə olunan bütün materiallar ümumilləşdirilmiş və tənqidi məqalələr hazırlanmışdır.Eyni zamanda KİV haqqında qanuna əsasən qarşı tərəf kimi münasibət bildirməsi üçün Zaur Hüseynova rəsmi şəkildə müraciət məktubu ünvanlanmışdır.Lakin Z.Hüseynov qanunu pozaraq,qarşı tərəf kimi münasibət bildirməmişdir.Bunun əvəzində xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət etmiş və mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə ittiham olunmamı tələb etmişdir.Zaur Hüseynov Məhkəməyə təqdim etdiyi ərizədə "Yaşıl məkan" çay evinin onun arvadı Lalə Hüseynovaya məxsus olmasını göstərmişdir.Bununla o,dolayısı ilə sahibkarlıqla məşğul olduğunu etiraf etmişdir.Məqalələrdə vurğulanan məsələlərdən biri də məhz bu idi.Qeyd edim ki,qəzetimizdə dərc olunmuş məqalələr faktlara və bina sakinlərinin müraciətlərinə əsasən qələmə alınmış və onlarda heç bir təhqir və böhtan yoxdur.Bu barədə mən hələ hazırlıq iclasında məhkəmə prossesinə sədrlik edən hakim Zəfər Quliyevə iradlarımı bildirdim və dedim ki, məqalələrdə təhqir olmadığı üçün ortada cinayət əməli də yoxdur və bu şikayətə xüsusi ittiham qaydasında baxılması da düzgün deyildir.Buna baxmayaraq hörmətli Zəfər Quliyev mənim fikrimi nəzərə almadı.Artıq dörd aydır ki,məhkəmə prossesi qəsdən ləngidilir.Bu müddət ərzində həm mənə,həm də bina sakinlərinə müxtəlif cür təzyiqlər olur,"Yaşıl məkan"çay evindən əl çəkilməsi tələb olunur.04 aprel 2013-cü ildə keçirilən sonuncu məhkəmə prossesində (bir ay fasilədən sonra) hakim Zəfər Quliyev bina sakinlərindənbir neçəsinin şahid qismində ifadəsini dinlədikdən sonra,ifadələrin hər şeyi sübuta yetirməsinə baxmayaraq,məqalələri ekspertizaya göndərməyi qərara almışdır.Hakimin bu cür rəftarı istər istəməz müəyyən haqlı şübhələrin əmələ gəlməsinə səbəb olur.Əldə etdiyimiz məlumatlara görə,Zaur Hüseynov öz vəzifəsindən və pulundan sui istifadə edərək məhkəmənin hakiminə də təsir göstərir.Bu deyilənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını təəssüf ki,müəyyən edə bilmirik.Lakin hakim Zəfər Quliyevin heç bir əsas olmadan Zaur Hüseynovun şikayət ərizəsinə xüsusi ittiham qaydasında baxması və şahid ifadələrinin məqalədə yazılanların həqiqətə uyğun olmasını sübuta yetirdikdən sonra belə məqalələri ekspertizaya göndərməsi müəyyən şübhəli məqamlar yaradır.hesab edirəm ki,hər halda Hörmətli Zəfər Quliyev ədalətli hakimdir və sonda düzgün qərar çıxaracaq.Lakin redaksiyamıza sızdırılan məlumatlara görə,Zaur Hüseynov müəyyən qanunsuz yollarla məhkəmənin taleyini artıq həll etmişdir.Belə ki,ssenariyə əsasən hakim özünü sığortalamaq məqsədilə məqalələri ekspertizaya göndərir,Zaur Hüseynovun pullaalacağı ekspert rəyi əsasında isə mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəza tətbiq edilir.
Hörmətli sayt rəhbərliyi ! Ümidlərini artıq yalnız Sizə bağlayan bina sakinlərinə və eləcə də mənə qarşı böyük ədalətsizliyə yol verilir."Bakıelektrikşəbəkə"-nin sədr müavini Zaur Hüseynov vəzifəsindən və pulundan sui istifadə edərək məhkəmədə mənim əleyhimə qərar çıxarılmasına nail olmaqla bina sakinlərini də susdurmaq istəyir.Yüksək vəzifə tutan bu məmurub təzyiqləri və təqibləri qarşısında mübarizə aparmağa gücüm yetməyə bilər.Sizdən xahiş edirəm ki,gördüyüm haqlı işdə mənə kömək edəsiniz və ədalət prinsiplərinin kobud şəkildə pozulmasına etirazınızı bildirməklə məsələnin qanun çərçivəsində həll olunmasına yardımçı olasınız.
"İrəvan Press " qəzetinin
Baş redaktoru Azər Abbasov
12 aprel 2013-cü il.