Bu gün Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti dayanıb.
“Qafqazinfo”nun məlumatına görə, metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb.
Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri qatardan təxliyyə edib.
Təxminən 15 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini bərpa etmək mümkün olub.
***
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı musavat.com-a açıqlama verib.
O bildirib ki, hadisənin baş verməsinə səbəb qatarda yaranan texniki nasazlıq olub:
"İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşmədi. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qaldı. Lakin artıq problem öz həllini tapıb".