VI Avropa Film Festivalı oktyabrın 29-da başlayacaq Park Cinema kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi ənənəvi Avropa Film Festivalı oktyabrın 29-da başlayacaq.
Park Cinemadan “Qafqazinfo”ya verilən məlumata görə, bu barədə, bir neçə gün əvvəl Avropa İttifaqının siyasət, iqtisadiyyat, mətbuat və informasiya məsələləri üzrə şöbəsinin müdiri cənab Toralf Pils ilə VI Avropa Film Festivalının hazırlıq işlərinə həsr olunmuş görüşdə qərar verilib. Görüşdə cənab Pils festival çərçivəsində göstəriləcək filmlərdə nümayiş olunacaq ideyaların, onların qəhrəmanlarının Azərbaycan tamaşaçısına ayrı-ayrı Avropa ölkələrinin vətəndaşlarını yaxından tanımağa imkan verəcəyini qeyd edib və vurğulayıb ki, bu xalqların mədəni inteqrasiyasının genişlənməsinə imkan verəcək.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, festivalda hələlik 16 ölkə ilə razılıq əldə olunub. Festivalın proqramına Almaniya, Finlyandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanda və eləcə də Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılıb. Tamaşaçılara həm komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, həm də animasiya və sənədli filmlər təqdim olunacaq. Festival çərçivəsində nümayiş etdiriləcək Azərbaycan istehsalı olan filmlərin oktyabrın ilk günlərində müəyyənləşəcəyi gözlənilir. Qeyd edək ki, festival Avropa kinosundakı yeniliklərdən xəbərdar olmağa, yeni filmlərlə tanış olmağa vəsilə olur, o zövqün formalaşdırılmasına kömək edir.