Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içkinin realizə olunmasının qarşısını alıb.
“Qafqazinfo” xəbər verir ki, idarəyə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 7A ünvanında yerləşən “Ruslan-93” mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satılması barədə məlumat daxil olub, dərhal Baş İdarənin əməkdaşları tərəfindən həmin ünvandakı Abdullayev Telman Ələkbər oğluna məxsus mağazada zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı mağazadan Rusiya Federasiyasının aksiz markası ilə markalanan külli miqdarda araqlar, həmçinin üzərində aksiz markası olmayan müxtəlif markalı spirtli içkilər aşkar edilərək götürülüb.