Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili İlham Əliyev yollarda quraşdırılan sürəti qeydə alan kameralarla bağlı narazılığını ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun müzakirəsi zamanı çıxış edən İ. Əliyev sözügedən kameraların problem yaratdığını vurğulayıb: “Radara 30 metr qalmış sürətin həddi qəflətən aşağı düşür. Bu daha da qəzalı hadisəyə gətirib çıxarır. Əgər sürücü birdən-birə sürəti 110 dan 50-yə azaldırsa, bu qəzanın yaranmasına gətirib çıxarır. Bəzən elə yollarda sürət həddi aşağı salınıb ki, buna ehtiyac yoxdur. Bu baxımdan Kürdəmir- Gəncə yolu ümumiyyətlə, dəhşətdir. Hər xırda yaşayış məntəqəsinə çatanda radar qurulub. Radara çatmamış sürət həddi birdən-birə 50 km saata düşür”.
Digər millət vəkili Elmira Axundova bildirib ki, magistral yollarda qətliam törədildiyi barədə KİV-dən məlumatlar alır: “Bakı-Sumqayıt yolunda olan son hadisəni müşahidə etdik. Dəmir arakəsmələr ölüm alətinə çevrilir. Təklif edirəm ki, bu arakəsmələr ekspertiza edilsin. Mən internetdə rolikə baxıdm, qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır. Bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır. Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, ya da digər qurğularla əvəz edilsin. Bu insan təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.