Bu gün səhər saatlarından başlayaraq Bakının Badamdar istiqamətindən məcburi köçkün rayonlarına qeydiyyatda olan maşınların şəhərə buraxılmasına icazə verilmir.
Bu barədə “Qafqazinfo”ya həmin ərazidə olan sürücülər məlumat verib. Onlar bildirib ki, işğal vaxtından Bakıda məskunlaşan, müvəqəti qeydiyyatı Bakı və Abşeron rayonuna olan məcburi köçkün rayonlarının dövlət nömrə nişanını daşıyan maşınlar paytaxta buraxılmır. Yol patrul xidmətinin əməkdaşları bildirib ki, əgər həmin sürücülər şəhərə daxil olamq istəyirlərsə, o zaman müəqqəti qeydiyyatda olduqları rayonun Yol Polis İdarəsindən müfaviq arayış almalı və hər dəfə şəhərə daxil olarkən həmin arayışı polisə təqdim etməlidirlər.
Baş Dövlət YPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, məcburi köçkün Bakı şəhərində qeydiyyatdadırsa, onun şəxsi avtomobillə paytaxta daxil olmasına qadağa qoyulmur. Əgər məcburi köçkünün Bakı şəhərində qeydiyyatı yoxdursa, məlum qadağa onlara da şamil olunur: “Bizdə bütün vətəndaşların harada qeydiyyatda olması ilə bağlı sistemdə məlumatlar var. Polis əməkdaşı sistemə baxıb bunu müəyyənləşdirə bilir. O cümlədən məcburi köçkünlər barədə də bütün məlumatlar sistemdə əks olunub”.