Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici Görüşündə çıxış edib.
XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir çıxışında bildirib ki, hazırda bir sıra İƏT üzv dövlətlərində baş verən dəyişikliklər, onların üzləşdiyi təhlükəsizliklə bağlı artan hədə və problemlər, həmçinin bir sıra üzv ölkələrdə pisləşən humanitar vəziyyət dərin narahatlıq mənbəyi olaraq qalır:
“Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq aşkar elan edib və Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərimizin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə edib.
Azərbaycan qardaş Fələstin xalqına sülh əldə etmək və Şərqi Əl-Qüds paytaxt olmaqla, müstəqil dövlət yaratmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək “iki—Dövlət həll yolu”na sadiqdir.
Keçən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirib.
Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır və qınanmalı və mühakimə olunmalıdır.
Eyni zamanda, terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır”.