Bir neçə gün öncə Altıağac qəsəbəsində ağacların qırılması ilə bağlı “Qafqazinfo”da yayımlanan şikayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi operativ reaksiya göstərib. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında ərazidə araşdırma aparıldığını və ağacları qıran şəxsin icbari qaydada cərimə olunduğunu bildirib:
“Xızı rayonu Altıağac kəndi ərazisində ağacların kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal sözügedən ərazidə araşdırma aparılıb. Araşdırma zamanı ərazidə olan bir neçə ədəd ağac və kolun Altıağac qəsəbə sakini Aslan Həsənov tərəfindən traktorla məhv edildiyi məlum olub. Faktla əlaqədar Nazirliyin əməkdaşları tərəfindən A.Həsənov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2200 manat məbləğində cərimə edilib”.
Xatırladaq ki, sözügedən şikayətdə Xızı rayon sakini Aydın Məmmədov istirahət günü qəsəbədə ağacların traktorla qırıldığı və buna mane olmaq istədiyi təqdirdə traktorçunun onu hədələdiyini, sifariş əsasında iş gördüyünü bildirmişdi.