Nəqliyyat naziri Ziya Məmmədov bugünlərdə mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışıb: “Bəzən mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir”.
Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: “Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb”.
Əgər sovet dövrü və ölkə təcrid olunmuş səviyyədə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Öncə dünyada yol tikintisinə çəkilən xərclərlə bağlı Dünya Bankının hesabatından bəzi məqamları cənab Məmmədovun diqqətinə çatdıraq.
Ölkələrdə yolların bir çoxunun tikinti və bərpasına kredit ayıran Dünya Bankı yol layihələrinin xərcləri ilə bağlı hesablama aparıb. Bankın 40-a yaxın ölkədə kredit ayırdığı layihələrin müqayisəli analizini əks etdirən bu sənədə görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə kilometrinə 1 milyon 832 min dollara başa gəlib. Bu qiymətlər ümumiyyətlə yol olmayan ərazilərdə aparılan yol tikintilərinə aiddir. Yəni söhbət sıfır variantından yolun salınmasından gedir. Artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər. Bu xərclər yol ötürücülərinin və qovşaqların tikintisini də əhatə edir.
Rəqəmlər arasında olan fərq yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiyməti ilə izah olunur. Azərbaycanın da daxil olduğu beynəlxalq İpək Yolu layihəsinin bir hissəsini çəkən Qazaxıstanda yol tikintisinə sərf edilən vəsait Azərbaycandakı yol tikintisi məsrəfləri ilə müqayisədə çox azdır. Qazaxıstan nəqliyyatçıları Çinə qədər uzanacaq 2500 kilometrlik birinci dərəcəli yolun çəkilməsi üçün 4 milyard dollarlıq büdcə tərtib ediblər. Başqa sözlə, hər kilometrə 1,7 milyon dollar xərc nəzərdə tutulub. Yolların keyfiyyətinə və yol şəbəkəsinin genişliyinə görə dünyanın qabaqcıl ölkələrindən sayılan Finlandiyanın paytaxt Helsinkidən Rusiya sərhədinədək çəkdiyi 1-ci dərəcəli yolun (B tipli) hər kilometri 3,4 milyon dollara başa gəlib. Belə nümunələrin sayını artırmaq da olar. Ancaq oxucuları yormamaq üçün mühüm bir detalı vurğulamaqla bununla kifayətlənək - Qazaxıstanda yol tikintisində çalışanların əmək haqqı 5, Finlandiyada isə azı 10 dəfə Azərbaycanla müqayisədə yüksəkdir. Əgər Qazaxıstan və Finlandiyada yol tikintisi işçilərinin əmək haqqı fondu Azərbaycanla eyni səviyyədə olsaydı, bu göstəriciləri 2-yə bölmək lazım gələcək. İndi keçək Azərbaycandakı “standartlara”.
Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsində 65 milyon manat (82 milyon dollar) ayrılıb - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı.
Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar.
Nəhayət, nazirin yolboyu obyektlərin köçürülmə xərclərinin ümumi məbləğə daxil olması arqumenti barədə. Dövlət investisiyalarının bölüşdürülməsi üzrə Nazirlər Kabinetinin qərarlarında köçürülmə xərcləri olan layihələr konkret olaraq göstərilir. Sadalanan layihələrdə köçürmə xərcləri göstərilməyib. Məsələn, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisi layihəsində tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi açıq şəkildə göstərilib. Yəni burada manipulyasiyaya yer yoxdur. Ona görə də Ziya Məmmədovun arqumentləri korrupsiya əməllərini ört-basdır etməkdən başqa bir şey deyil - Azərbaycan dünyanın bahalı yol tikintisi olan ölkələri sırasındadır. O tamam başqa söhbətin mövzusudur ki, baha qiymətə tikilən yolların keyfiyyəti də Avropa standartlarından müqayisə olunmaz dərəcədə aşağıdır.