Bu günə kimi 1560 nəfər namizədlik üçün müraciət edib. “Qafqazinfo” xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda səsləndirib.
MSK sədri bildirib ki, namizədlik üçün müraciət edənlərdən 560 nəfəri siyasi partiyaların nümayəndələri, 60 nəfəri “Azadlıq 2015” partiya blokundan, üç nəfər təşəbbüs qrupu, 937 nəfəri isə fərdi qaydada müraciət edənlərdir. Onlardan 1461 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiq edilib. 1352 nəfərə imza vərəqələri paylanılıb. Onlardan 521 nəfəri imza vərəqələrini geri qaytarıb. 317 nəfərin namizədliyi qeydə alınıb.108 nəfər müşahidəçi qeydə alınıb.
MSK sədri əlavə edib ki, artıq namizədliyi qeydə alınanlarla bağlı məlumatlar bülletenə daxil olmaq üçün əldə olunmalıdır: “Qeydə alınanların şəxsiyyət vəsiqəsində olan məlumatları bir daha yoxlanılmalıdır. Hər bir namizədlə bağlı məsul şəxs müəyyən olunmalıdır. Yerlərdə xoşagəlməz hallar ötən seçkilərə nisbətən xeyli azalıb. Bu da hesab edirəm ki, bölgələrdə aparılan maariflənmə işlərinin nəticəsidir Mümkün olan hallarda namizədin xeyrinə qərar çıxarmışıq. Amma DSK-nın qərarı faktla verilibsə, bunu qəbul etməmək mümkün deyil”.