Paytaxt sakinlərini illərlə narahat edən problem – sənədsiz evlərlə bağlı məsələ yenə də gündəmdədir.
Bu istiqamətdə bir neçə sənəd qüvvəyə minsə də, Bakıda sənədsiz evlər hələ də problem olaraq qalmaqdadır. Onların sırasında dövlət başçısının xüsusi tapşırıqları da var. Amma bu problem yenə də aktualdır. Burada bu sahədəki statistik rəqəmlər də maraq doğurur. 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırıb. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə, Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq verib. Buna rəğmən ötən 5 il ərzində sənədsiz evlər problemi paytaxt sakinləri üçün aktual olaraq qalmaqda idi.
Nəhayət, prezident İlham Əliyevin 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərman problemin həllinə yönəlik ümidləri artırıb.
Aidiyyatı qurumlarla yanaşı, ekspertlər də hesab edir ki, prezidentin sərəncamından sonra sənədsiz evlərin qeydiyyat məsələsi ilə bağlı ciddi problemlər yaşanmır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, qeydiyyat dinamikası əhəmiyyətli dərəcədə artıb:
“Bu sərəncamın həm sosial, həm də iqtisadi mahiyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, ölkə başçısının qərarından sonra daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı daha da genişləndirilib. Artıq vətəndaşlar üçün daha geniş areal mövcuddur. Bu isə qeydiyyat prosedurlarının statistikasının artmasına gətirib çıxarıb. Əgər əvvəllər təsdiqlənən sənədlər tələb olunanların siyahısına daxil edilməmişdisə, qərardan sonra əmlakın qeydiyyata alınmasında dinamika artıb. Çünki vətəndaşlar əmlaklarını qeydiyyatdan keçirmək üçün daha geniş imkanlar əldə edib. Bildiyiniz kimi, qeydiyyatdan keçən əmlakla bağlı hər hansı iqtisadi, hüquqi, alqı-satqı əməliyyatlarının aparılması mümkündür və bu da əlavə imkanlar yaradır”.
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd NURİYEV AİM.Az-a bildirib ki, əmlak məsələləri üzrə Komitənin bu istiqamətdə həyata keçirdiyi addımları təqdirəlayiqdir:
“Komitənin nümayəndələri səyyar fəaliyyət planı çərçivəsində müxtəlif rayonlara gedərək vətəndaşların əmlakını yerindəcə qeydə alır, mülkiyyət hüququnu rəsmiləşdirir və onları müvafiq texniki passportla təmin edirlər. Şəhərdə sənədsiz yaşayış və ya qeyri yaşayış sahələrinin sayı kifayət qədərdir və onların heç birində şəxslərin mülkiyyət üzərindəki hüquqularını müəyyənləşdirən sənəd yoxdur. Elə adamlar var ki, 20- 30 ildir evi var, amma onun üzərində mülkuyyət hüququ rəsmiləşməyib. Eləcə də digər qeyri yaşayış sahələrindən istifadə hüququnu müəyyənləşdirəcək sənədlər yoxdur. Bu mənada Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən evlərin sənədləşdirilməsi məsələsinə diqqət ayırması son dərəcə əhəmiyyətli və vacibdir. Bu tədbirlərin dinamik xarakter alması vətəndaşların artıq öz mülkiyyətləri üzərindəki hüquqlarının rəsmiləşdirilməsinə imkan verir. Daşınmaz əmlak üzərində hüquq o zaman yaranır ki, həmin əmlak qeydiyyatdan keçmiş olsun. Əgər daşınmaz əmlakın qeydiyyatı yoxdursa, deməli, vətəndaş onun üzərində heç bir hüquqi statusa sahib deyil. Belə hallarda isə bu məsələlərlə bağlı vətəndaşlar arasında ciddi mübahisələr yaranır. Hətta məsələyə dövlət orqanları və məhkəmələrin müdaxiləsi zamanı da problemin həlli xeyli dərəcədə çətinləşir”.
Ə. Məmməd Nuriyevin sözlərinə görə, hüququ anlaşmazlıqlarla yanaşı, sənədsiz evlər məsələsinin bir sıra iqtisadi problemləri də vardır. Sənədlərin olmaması mülkü dövriyyə prosesinə də xeyli dərəcədə ziyan vurur:
“Həmin mülklərin alqı-satqısı ilə bağlı çox ciddi problemlər ortaya çıxır. Tikili üzərində mülkiyyəti təsdiq edən sənəd yoxdursa, onun satılması prosesində problem yaranır, daha doğrusu, həmin mülkü satışa çıxarmaq, girov qoyub kredit götürmək mümkün olmur. Eyni zamanda mübahisəli məsələlərin həllində hüquqi və fiziki şəxslər üçün problemlər yaranır. Digər bir tərəfdən, əmlak üzərində hüquq rəsmiləşdirilmədiyi üçün əmlak vergisinin verilməsində çətinliklər ortaya çıxır. Vətəndaşın əmlak vergisindən yayınması isə dövlət büdcəsinə daxil olan vəsaitlərin azalmasına gətirib çıxarır. Əmlak üzərindəki mülkiyyət hüququnun rəsmiləşdirilməsi isə bütün bu sxemlərin pozulmasına şərait yaradır. Deməli, sənədsiz evlərin qeydiyyata alınması həm vətəndaşın, həm də dövlətin xeyri üçündür”.
Fond rəhbərinin dediyinə görə, qeydiyyat dinamikası əhəmiyyətli dərəcədə həm də ölkə başçısının sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı fərmanın icrası istiqamətində həyata keçirilən tədbirlərdən biridir:
“Ən vacibi isə mülklərin qeydə alınması prosesinin yerindəcə həyata keçirilməsidir. Bu zaman vətəndaşlar da atılan addımlardan məmnun qalırlar. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ilkin irəliləyişlər var, amma bu prosesi daha da genişləndirmək zərurəti var. Qeydiyyat məsələsi vətəndaşlar üçün əlçatımlı olmalıdır ki, onlar kütləvi şəkildə öz əmlakları üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanına malik olsunlar”.