Qurban bayramı ilə əlaqədar Bakının 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Binəqədi rayonunda 8-ci Mikrorayon ərazisində təşkil olunmuş qurbanlıq heyvanların kəsim məntəqələrinə baş çəkib və şəhər sakinlərini bayram münasibəti ilə təbrik edib.
Qurbanlıq qoyunlar ölkənin bütün rayonlarından gətirilib. Ötən ildən fərqli olaraq, bu il satışa çıxarılan heyvanların sayında artım var və qiymətlər 95 manatdan 90 manata endirilib. Hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib. Heyvanların kəsiminə və ətin keyfiyyətinə nəzarət etmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.