Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dörddəbir finalında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.
“Qafqazinfo” xəbər verir ki, 1/8 finalın tay-breykində Sergey Karyakin həmyerlisi Dmitri Andreykindən güclü olaraq, birinci partiyada qalib gəlib, ikincini isə heç-heçə başa vurub.
FIDE Dünya Kubokunun dördüncü dairəsinin digər tay-breyklərində ukraynalı Pavel Elyanov rusiyalı Dmitri Yakovenkoya, hollandiyalı Aniş Qiri polyak Radoslav Voytaşekə qalib gəliblər və nəticədə 1/4 finala çıxıblar. Təkcə çinli Din Lijen və Vey İ arasında görüşün qalibi müəyyən edilməyib. Beləliklə, Çin qrossmeysterləri blits oynamalıdırlar.
Turnir nokaut sistemi üzrə keçirilir. Hər qarşılaşma həlledici istisna olmaqla, iki klassik partiyadan ibarətdir. Heç-heçə olan halda şahmatçılar tay-breyk oynayırlar.
Azərbaycanın paytaxtına 128 qrossmeyster gəlib. Onlardan 22-si cari dünya reytinqinə əsasən 25 ən güclü oyunçu sırasındadır. Turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen və şahmat tacı uğrunda son matçda onun rəqibi olan hindistanlı Vişvanatan Anand iştirak etmirlər.