Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı fərmanla geri çağırılıb.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Altay Əfəndiyev hələ də Madriddəki səfirlikdə iş kabinetini boşaltmayıb və faktiki olaraq səfir kimi fəaliyyətini davam etdirir.
A.Əfəndiyev İspaniyadakı səfir vəzifəsinə 2010-cu ildə təyin olunmuşdu. Maraqlıdır ki, səfirliyin rəsmi internet səhifəsində də Altay Əfəndiyevin hələ İspaniyadakı fövqəladə və səlahiyyətli səfir olduğu göstərilir.
Azərbaycanın İspaniyadakı Səfirliyinin əməkdaşı Günay Ramazanova isə bildirib ki, hazırda səfir vəzifəsi boşdur. Çünki səfir bu ilin may ayında geri çağırılıb.
G.Ramazanova “bəs Altay Əfəndiyev hazırda səfirlikdə işi davam etdirirmi?” sualına “mən buna cavab verə bilmərəm, XİN-ə zəng edin” cavabını verib.
Diplomatik xidmət haqqında əsasnaməyə görə, əgər fövqəladə və səlahiyyətli səfir geri çağırılırsa, səfirlikdə ondan sonra ikinci ən yüksək vəzifəni tutan şəxs yeni səfirin fəaliyyətə başlamasına qədər müvəqqəti işlər vəkili statusunu alır və diplomatik təmsilçiliyi həyata keçirir. Prezidentin fərmanına əsasən İspaniyadakı səfiri geri çağırılsa da yeni səfirin təyinatına dair fərman imzalanmayıb.
Lakin səfirlik əməkdaşı Azərbaycanın İspaniyadakı müvvəqqəti işlər vəkili statusunu kimin daşıdığına dair suala da cavab verməyib. Bir daha bildirib ki, bu kimi suallara görə XİN-ə müraciət etmək lazımdır.
XİN-dən isə Azərbaycanın İspaniyadakı səfiri ətrafında yaranmış müəmmalı vəziyyətə dair rəsmi şərh almaq mümkün olmayıb.
Lakin nazirlikdən qeyri-rəsmi olaraq deyiblər ki, praktikaya görə, səfirin geri çağırılmasına dair fərman imzalanırsa, həmin vaxtdan onun səlahiyyətlərinə xitam verilmiş olur.
Lakin saytın yazdığına götə, keçmiş səfir Altay Əfəndiyev nəinki səfirliyi tərk etmək istəmir, eyni zamanda onun başçılığı altında səfirlikdə bir-biri ilə yaxın qohumluq əlaqəsi olan şəxslər işləyirlər. Məsələn, səfirliyin maliyyə müşaviri Əsəd Muradov, mədəniyyət müşaviri isə onun xanımı Günay Muradovadır.
Digər əməkdaşlar da bir-biri ilə, habelə Altay Əfəndiyevin özü ilə qohumluq əlaqlərinə malikdir.
Bu müəmmalı situasiya Azərbaycanın xaricdəki səfirliklərinin əməkdaşları ətrafında son vaxtlar bir-birinin ardınca baş verən səs-küylü qalmaqallar fonunda meydana çıxır.
Xatırladaq ki, Azərbaycan diplomatlarından bir neçəsi yerləşdikləri ölkələrdə siyasi sığınacaq istəyiblər, bir neçəsi isə işdən çıxarılıb. Habelə “üsyankar” diplomatlar səfirliklərin korrupsiyalaşdığına dair iddialar irəli sürüblər.
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət əməkdaşları arasında “etik qaydaları pozanların” və yarıtmaz fəaliyyət göstərənlərin olduğunu, belələrinin cəzalandırılacağını bildirib.
Bu gün isə prezidentin imzası ilə diplomatik xidmət əməkdaşlarının cəzalandırılmasına dair qanunvericiliyə düzəlişlər baxılmaq üçün parlamentə göndərilib.