Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnsanlar Tanrıya yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.
Əziz bacı və qardaşlarım!
Mübarək Qurban bayramı günlərində bir daha sizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, uca Tanrıdan xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların qəbul olunmasını diləyirəm. Qoy bu müqəddəs bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!”