Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Şeyxin təbrik məktubunda mübarək Qurban bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımın, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını diləyib və müqəddəs Qurban bayramının əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etdiyini bildirib.
QMİ sədri qeyd edib ki, islami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı dünya müsəlmanları ilə bərabər bayram etmək səadəti nəsib olub: “Bu münəvvər gündə Şeyxülislam olaraq, bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin!”