Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev parlament seçkilərində iştirak etmək fikrindədir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda modern.az-a Milli Qəhrəman özü məlumat verib:
“Seçkilərdə iştirakla bağlı qəti qərara gəlmişəm. Namizədliyimi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən irəli sürmüşəm. Namizədliyimi irəli sürməkdə məqsədim müharibə veteranları, şəhid ailələri, eyni zamanda milli qəhrəmanların hüquqlarını müdafiə etməkdir. Ancaq insanların bu addımımı necə qiymətləndirəcəklərini söyləyə bilmərəm”.
Əslən Cəbrayıldan olan Vahid Quliyev 1992-ci ilin avqust ayında könüllü olaraq zabit kimi döyüş xəttinə yolllanıb. O, Ağdam istiqamətindən döyüşə girib. Daha sonra onu Qubadlı cəbhəsinə göndəriblər. Döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.
V.Quliyev döyüşlərə atılandan atəşkəs elan olunana kimi ermənilərin 10 tankını təkbaşına məhv edib.
Prezidentin 9 oktyabr 1994-cü il 218 saylı fərmanı ilə göstərdiyi şücaətlərə görə, Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib.
Polkovnik-leytenant Vahid Quliyev Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyib, hazırda isə təqaüddədir.