Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2482 şikayət daxil olub.
Nazirlikdən verilən məlumata görə, “Qaynar xətt”ə daxil olmuş 2482 şikayətdən 2200-ü Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.