EVRASCON şirkəti Ələt-Astara magistralında yol çəkilişi üzrə fəaliyyətini bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org-a şirkətin işçiləri məlumat veriblər.
Xatırladaq ki, baş nazirin müavini Abid Şərifova məxsus olduğu bildirilən EVRASCON-un işçiləri sentyabrın 9-da aksiya keçirərək maaşlarının verilməsini tələb etmişdilər.
Həmin gün şirkətin Direktorlar Şurasının sədri Manaf Şirinov Salyanın Çuxanlı kəndindəki düşərgədə yol çəkənlərlə görüşmüş, onları “yola gətirərək” bildirmişdi ki, aksiya keçirmək “düzgün hərəkət” deyil.
O demişdi ki, EVRASCON-un maliyyə vəziyyətinin olduqca ağır olmasını nəzərə almaq lazımdır. M.Şirinov o zaman bunu da bildirmişdi ki, buna baxmayaraq may ayından bəri yığılıb qalmış əməkhaqqı borcların 2 ayını yaxın vaxtlarda, konkret olaraq may ayının əməkhaqqını sentyabrın 11-də, iyun ayının əməkhaqqını isə sentyabrın sonunda ödəyəcəklər.
Şirkət rəhbərliyi sözünə əməl etmiş və sentyabrın 11-də işçilərin may ayına olan əməkhaqqı borcunu həqiqətən də ödəmişdi.
Amma Ələt-Astara yolunda tikinti işləri yanacaq olmaması əsas gətirilərək sonradan yenidən dayandırılmışdı.
Onu da qeyd edək ki, şirkətdə təxminən 1200 nəfər işçi çalışır.
Sonda onu da xatırladaq ki, şirkətin 232,7 milyon manat kredit borcu var. Onun 65,7 milyonu banklardan cəlb olunub.