Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qoyulan qadağa doğrudan da Bakıdakı sıxlığın qarşısını müəyyən qədər alıb.
“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, sıxlığı aradan qaldırmaq üçün paytaxtın hər iki girişində avtomobil dayanacaqları tikilib. Səhər saat 07:00-dan başlayaraq gecə saat 00:00-a qədər rayon qeydiyyatında olan avtomobillər həmin dayanacaqlarda saxlanılır, sürücülər və sərnişinlər isə pulsuz avtobuslarla paytaxta daşınır.
Lakin qurulan bu dayanacaqlarda müşahidə edilən bəzi məqamları da gözdən qaçırmaq olmaz. Məsələn, paytaxtın şimal hissəsindən daxil olmaq istəyən rayon avtomobillərinin yönləndirildiyi “VAZ yol qovşağı” adlanan avtodayanacaqda avtomobillərin saxlandığı ərazidən yüksək gərginlikli elektrik xətti keçir.
Elektrik naqillərinin keçdiyi ərazilərdə isə hansısa tikintinin aparılması və insan həyatına təhlükə törədəcək fəaliyyətlərin həyata keçirilməsi qanunla qadağandır. Bu fikir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən cavabda da vurğulanır.
Dayanacaqdan elektrik naqillərinin keçməsi orada saxlanan nəqliyyat vasitələrini və şəhərə gələn sərnişinləri təhlükə altına salır. İlk növbədə həmin naqillərdən maşınlara dəyə biləcək zərər gündəmə gəlir.
Bakıda fəaliyyət göstərən sığorta mütəxəssisi Günel Məmmədli bildirib ki, avtomobil saxlandığı ərazidə onun üzərinə elektrik xətti düşərsə və avtomobilə xəsarət dəyərsə, həmin maşına görə icbari sığorta pulu da ödənilmir.
“Lakin kasko sığorta ödənə bilər ki, onun da öz şərtləri var” - deyə G.Məmmədli vurğulayır.
Amma avtomobilə dəyən zərərdən daha önəmli olan insan həyatını gözləyən təhlükə barədə danışan yoxdur.
Əgər həmin elektrik xəttinin altında hansısa avtomobil saxlanarsa və bu zaman ərazidə olan sürücünün başına bədbəxt hadisə gələrsə, buna kimin cavabdehlik daşıyacağı sualına hələ ki, ərazidə xidmət aparan şəxslərdən heç biri cavab verə bilmir.
“VAZ yol qovşağı”ndakı bəzi hissələrdə nəqliyyat vasitələrinin saxlanması üçün xətlər çəkilsə də həmin xətlənmiş ərazilərə avtomobillərin girişi qeyri-mümkündür. Bu da dayanacaqda sürücüləri narahat edən problemlərdən biridir.
Bu məsələdə beynəlxalq təcrübə nəzərə alınmalı idi. Avropa ölkələrində avtodayanacaqların fəaliyyətinə xüsusi diqqət yetirilir. Həmin ölkələrdə maşın dayanacaqları təşkil edilərkən ilk əvvəl piyadaların təhlükəsizliyi və ərazinin ekoloji vəziyyəti nəzərə alınır.
Göründüyü kimi, hökumət tərəfindən paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün müsbət bir addım atılıb. Lakin problemlər hələ də var. Hər hansı bədbəxt hadisə baş vermədən öncə aidiyyəti qurumlar bu problemlərin aradan qaldırması istiqamətində addımlar atmalıdırlar.
Rayon avtomobillərinin paytaxta buraxılmaması lahiyəsi ilk dəfə I Avropa Oyunları zamanı tətbiq edilməyə başlanmışdı. Oyunlara görə iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu.
Bir neçə gün əvvəl isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq.