“Hansısa məktəbdə dərslik problemi olsa da, vətəndaşlar özləri dərslik almasınlar”
“Mətbuatda məktəblərdə dərslik probleminin olması ilə bağlı yazılar dərc olunub. Qeyd edim ki, Təhsil Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə paylanılıb. Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi olsa belə vətəndaşlar özləri dərslik almasınlar. Çünki Təhsil Nazirliyinin kifayət qədər dərslik ehtiyatı var və bu məsələ tez bir zamanda öz həllini tapacaq”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
O, bildirib ki, dərsliklərlə bağlı Təhsil Nazirliyinə zənglər daxil olandan sonra bu məsələ araşdırılır və öz həllini tapır: “Ola bilər ki, məktəb direktoru tərəfindən dərsliklərin alınması ilə bağlı tövsiyələr olsun. Belə hal olsa valideynlər bu barədə Təhsil Nazirliyinə müraciət etsinlər. Bu hallarla bağlı çox ciddi tədbirlər görüləcək”.
C. Bayramov qeyd edib ki, Azərbaycanda təsdiq olunmuş dövlət standartlarına uyğun olaraq dərsliklərin istifadə müddəti 4 ildir: “Bəzən elə müraciətlər də olur - vətəndaşlar deyir ki, bu yeni dərslik deyil və mən bunu götürmürəm. Ona görə biz istisna etmirik ki, siniflər və fənlərdən asılı olaraq uşaqlara verilən dərsliklər 1, 2 il və yaxud bəzi hallarda hətta üç il müddətində istifadə oluna bilər. Lakin hər bir şagird və valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dərslikdən istifadə etməlidir”.