Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışının inşa olunduğu sahədə tikinti işləri sürətli templərlə davam etdirilir.
“Qafqazinfo” "Bakı Metropoliteni" QSC-nin saytına istinadən xəbər verir ki, artıq tikintinin yerüstü sahəsinin abadlaşdırılmasına hazırlıq işləri də başlayıb. Bu məqsədlə sahədə müvəqqəti və köməkçi tikililərin söküntüsü aparılır.
Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşəcək, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətində olacaq.
Sonuncusu isə Bakı Dövlət Universiteti istiqamətindədir. Yerüstü abadlaşdırma işlərinə paralel olaraq, giriş-çıxışlar üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılacaq.
Hərəsində iki eskalator olmaqla iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb, onların pilləkən marşları ilə divarların üzlənməsi aparılır. Keçidlərdə eskalatorlar, əsasən, hazırdır və yekun sazlama ərəfəsindədir.