“Zakir Həsənov nazir olandan sonra mənimlə müqavilə imzalanmadı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən və şahidlər ifadə verib.
Öncə prokuror ittihamı elan edib, M.Səlimov isə özünü təqsirli bilmədiyini deyib.
Bundan sonra Mehman Səlimov ifadə verərək bildirib ki, onun mənimsəmədə ittiham olunduğu bütün işləri o vaxtkı nazir Səfər Əbiyevin əmri ilə edib: “Səfər Əbiyev məndən nazirliyin tikinti işləri həyata keçirməyimi istədi. Amma bu iş üçün kifayət qədər pul ayrılmadı. Buna görə də başqa işlərdən aldığım pulla həmin işləri gördüm. Zakir Həsənov nazir olandan sonra mənimlə müqavilə imzalanmadı. Buna görə məcbur olub evimi və torpağımı satdım, üstəlik 320 min manat da kredit götürüb tikinti işlərini başa çatdırdım.
İlin sonunda sənədləri təqdim edib pulumu alacağımı planlaşdırırdım. Amma ötən il noyabrın 19-da məni həbs etdilər.
Mənə Azərbaycan ordusundan heç nə verilməyib, indi ailəm də kirayədə qalır”.
Keçmiş müavinin şirkətində mühasib işləyən Şəfa Kərimova və tikintidə iş icraçısı olan İlqar Əfəndiyev şahid qismində ifadə veriblər.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.