“Azərbaycan Parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır”.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyev daha sonra əlavə edib:
“Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin vətəni olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətəzidd bir rəy yaratsınlar”.