“Putin kasıb bir ailədən idi, köpüyə güllə atırdı, amma “zaparojets”i var idi”
Aktual.az yeni rubrikaya start verir. Hər həftənin bazar ertəsi oxucuların görüşünə gələcək rubrikada azərbaycanlı milyarderlərdən, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.
Rubrikanın növbəti qonağı cəmiyyətdə “Putinin dostu” adı ilə məşhurlaşan, oliqarx-professor İlham Rəhimovdur.
İlham Rəhimov kimdir?
64 yaşlı professor Tovuz rayonunda dünyaya göz açıb. 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan İ.Rəhimov burada ali təhsilini başa vurduqdan sonra elə həmin ali məktəbdə aspirant olur. Çox keçmir ki, cinayət hüququ ixtisası üzrə dissertasiya yazır. 27 yaşında hüquq elmləri namizədi alimlik dərəcəsi alır. Elmi ad alandan sonra Azərbaycana dönən alim əvvəlcə AMEA Fəlsəfə və Hüquq İnsitutunda kiçik elmi işləyir. Çox keçmir ki, Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsinə təyinat alır. Nazirliyin kollegiya üzvü olur.
Siyasətçi İlham Rəhimov…
İlham Rəhimov bir müddət aktiv siyasi fəaliyyətlə məşğul olur. Hazırda Milli Məclisin deputatı, sabiq baş prokuror İlyas İsmayılovun rəhbəri olduğu Ədalət Partiyasında sədr müavini postunu tutur. 2000-ci ildə Azərbaycanda deputatlığa namizəd olur. Amma seçkilərdən qalib yox, məğlub olaraq ayrılır. Bir müddət sonra isə Ədalət Partiyasının sıralarından, o cümlədən siyasi fəaliyyətdən uzaqlaşır.
Putinin tələbəlik dostu – hər şey birdən dəyişir…
Bu məqamda qeyd edək ki, İlham Rəhimov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində Rusiya prezidenti Vladimir Putinlə bir qrupda təhsil alıb. Onlar arasında çox yaxın münasibətlər olub və bu gün də var. İ.Rəhimov mətbuata açıqlamalarından birində bildirir ki, Putin çox kasıb ailədən olub: “O zamanlar onun “zapaojets” markalı avtomobili var idi. Çox kasıb ailədən idi. Hətta onun qiyməti o qədər də baha olmayan maşın sürməsi çoxlarının təəccübünə səbəb olmuşdu. Çünki Valodyanın pulu yox idi, o, köpüyə güllə atırdı”. Yəqin, azərbaycanlı dostunun ağlına da gəlməzdi ki, vaxt gələcək Putin Rusiya kimi nəhəng bir dövlətin rəhbəri seçiləcək. Beləcə leninqradlı dostunun yüksəlişi azərbaycanlı professorun da həyatını köklü sürətdə dəyişir.
Keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov isə bildirir ki, İlham Rəhimov, Vladimir Putin və Viktor Xmarin sadəcə ünsiyyət saxlamırdılar, ailəvi dostluq edirdilər. Hər üç şəxsin dostluğu ilə bağlı Putinin cüdo üzrə məşqçisi (Rəhimov da bu idmanla məşğul olub) bunları deyir: “Deyilənə görə, Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun anası ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi. Leonid Poloxovun sözlərinə görə, nüfuzlu Leninqrad Universitetinin hüquq fakültəsində təhsil alan Rəhimov “qrup nümayəndəsi” olub. Onu xüsusi olaraq seçmişdilər, çünki bilirdilər ki, o, bütün dərslərdə iştirak edəcək və dərsə gecikməyəcək. 1975-ci ildə məzun olduqdan sonra Leonid Poloxov Leninqrad prokurorluğunda, Putin KQB-də işə düzəlir. Beləliklə dostların yolları bir müddət ayrılır. Putin Rusiya prezidenti seçiləndən sonra dostlar arasında münasibətlər yenidən sıcaqlaşır və bu dəfə azərbaycanlı professorun səsi Moskvadan gəlməyə başlayır.
Oliqarx-biznesmen İlham Rəhimov…
Rəhimov rəsmi olaraq biznesə 1999-cu ildən qoşulur. Artıq bu zaman Putin Rusiyanın baş naziri idi. Rəhimov Bakıda Ali Diplomatik Kollecin prorektoru vəzifəsindən imtina edərək, “Lukoyl-Azərbaycan”ın hüquq bölməsinə rəhbərlik edir. 2011-ci ilin payızında Krımın cənub sahillərində, Yalta yaxınlığında, daxili işlər nazirinin bağ evinin yanında “Krım brizi” adlı lüks bir otelin açılışı olur. Lentin kəsilməsi üçün Krımın məmurları, deputatları və mehmanxana biznesinin nümayəndələri dəvət olunurlar. Otel beynəlxalq səviyyədə “beş ulduz” qyməti alır. Bu oteldə ən ucuz nömrə 615 dollara başa gəlir. Bu otel İlham Rəhimovun biznesə “giriş kartı” olur.
İlham Rəhimov uşaqlığını Azərbaycanın şimal-qərbində keçirib. Daha sonra Quba rayonuna istirahət etməyə gedir. Burada rayon prokuroru vasitəsilə konserv zavodunun direktoru Semen Nisanovla tanış olur. Bu tanışlıq ailələrarası uzunmüddətli dostluğun əsasını qoyur. Nisanov ailəsi Qubanın Qızmızı qəsəbə adlanan hissəsində yaşayırdı. 2001-ci ildə Qod Nisanov və Zarax İliyev artıq Çərkəz bazarının bir hissəsinə sahib idilər. Vladimir Putinin prezident seçilməsi ilə onun bir çox tanışlarının həyatında çox güclü təkan olduğu deyilir. Artıq bu prosesdən sonra Nisanov və İliyevin adı Forbes jurnalında Çərkəz bazarının sahibi olan Telman İsmayılovdan əvvələ keçir. Putinin Qırğızıstan və Çinlə diplomatik gərginliklərin yaşanmasına yol açan Çərkəz bazarının bağlanması ilə bağlı qərarı da İlham Rəhimovun xeyrinə işləyir. Tacirlər bundan sonra onun rəhbəri olduğu “Sadovod” topdan satış bazarına axışırlar.
İlham Rəhimovun özü də Rusiyada iri bizneslə məşğul olduğunu inkar etmir. O hətta Qod Nisanov və Zarax İliyevlə şərik olduğunu da etiraf edir.
Xatırladaq ki, İlham Rəhimov müğənni Ruhi və Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova ilə evli olub. Hər iki evlilik uzun sürməsə də, biznesmen-alimin hazırda rəsmi nigahda olmadığı deyilir.
P.S. Bax bu da bir dostluğun tarixçəsi. Heç şübhəsiz, bu dostluq olmasaydı da, İlham Rəhimov hüquqşünas və alim idi. Amma oliqarx deyildi.